Nüvə gücləri Rusiya-Ukrayna münaqişəsi fonunda yerləşdirilən nüvə başlıqlarının sayını artırıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar ayında 12 512 döyüş başlığından təxminən 9 576-sı potensial istifadə üçün anbarlarda olub.
Belə ki, ABŞ yerləşdirilən döyüş başlıqlarının sayını 1744-dən 1770-ə, Rusiya 1588-dən 1674-ə çatdırıb. Ümumilikdə 2 minə yaxın döyüş başlığı (demək olar ki, hamısı Rusiya və ABŞ-a aiddir) yüksək hazırlıq vəziyyətində olub.
2023-cü ilin yanvar ayında yerləşdirilən döyüş başlıqlarının sayına görə lider ölkələr:
- ABŞ – 1770 (2022-ci ilin yanvarında – 1744);
- Rusiya – 1674 (1588);
- Fransa – 280 (280);
- Böyük Britaniya – 120 (120).
Qeyd olunub ki, Rusiya saxlanılan döyüş başlıqlarının sayına görə ABŞ-ı əhəmiyyətli dərəcədə (2815) üstələyir. Belə ki, ABŞ-da yerləşdirilən və saxlanılan döyüş başlıqlarının ümumi sayı (3708) dəyişməyib. Rusiyada bu rəqəm 4477-dən 4489-a yüksəlib. Döyüş başlıqlarının ümumi sayı istifadədən çıxarılanlarla birlikdə ABŞ üçün 5244 (-184), Rusiya üçün isə 5889 (-88) təşkil edir.
Məlumata görə, ümumilikdə dünyada təxminən 3844 döyüş başlığı raket və təyyarələrdə yerləşdirilib. Doqquz nüvə dövləti, Böyük Britaniya, İsrail, Hindistan, Çin, Şimali Koreya, Pakistan, Rusiya, ABŞ, Fransa öz nüvə arsenallarını modernləşdirməyə davam edir.
Rusiya və ABŞ bütün nüvə silahlarının demək olar ki, 90%-nə sahibdir.
Bildirilib ki, Çin nüvə arsenalını 350 döyüş başlığından 410-a çatdırıb. SIPRI hesab edir ki, onilliyin sonuna qədər Çin ballistik raketlərinin sayı Rusiya və ya ABŞ-ın sayına bərabər ola bilər.
Belə ki, Hindistan və Pakistan da öz nüvə arsenallarını genişləndirir. Şimali Koreya isə 2022-ci ildə nüvə sınaqları keçirməyib. SIPRI-nin məlumatına görə, KXDR 30 döyüş başlığı istehsal edib və onların sayını 50-70-ə çatdırmaq üçün materiallara malikdir.
İqbal Rzayev,
KONKRET.az
