35 yaşında dünyasını dəyişən amerikalı aktrisa Deyvi Çeyzin ölüm səbəbi açıqlanıb.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, Los-Anceles məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aktrisanın ölümünə səbəb qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) olub. Həmçinin, aktrisa illərlə müxtəlif psixoaktiv maddələrdən asılı vəziyyətdə olub.
Məsələ ictimailəşdikdən sonra aktrisanın yaxınları fərqli versiyalar da səsləndiriblər. Atası Con Devid Şvallier bildirib ki, qızı bakterial meningitin yaratdığı ağırlaşmalardan da əziyyət şəkib. Aktrisanın həyat yoldaşı Roy Ernandes isə onun ölüm səbəbinin sepsis olduğunu bildirib.
Qeyd edək ki, Deyvi Çeyzin həyatının son illəri ciddi sosial və psixoloji problemlərlə müşayiət olunub. Məlumata görə, 2015-ci ilə qədər qadağan olunmuş maddələrə aludəçiliyi onun sənəti ilə bağlı bütün müqavilələrini itirməsinə səbəb olub. Bir il sonra isə o, media məkanından tamamilə yoxa çıxıb, köhnə dostları ilə əlaqəni kəsib.
Atasının dediyinə görə, Deyvi hələ 13 yaşından asılılıq problemi ilə üzləşib. O, 19 yaşında anası ilə ciddi mübahisədən sonra ailəsindən tamamilə uzaqlaşıb və həmin vaxtdan etibarən atası onunla bir daha görüşməyib.
Ölümündən əvvəl keçmiş Hollivud ulduzu yoxsulluq, evsizlik və ağır xəstəliklərlə mübarizə aparıb. O, sevgilisi ilə birlikdə Los-Ancelesdə, Skid Rou yaxınlığındakı çadır düşərgəsində yaşayıb.
