“Soyadlardakı “ov, yev, ova” şəkilçilərinin milli sonluqlarla əvəz edilməsi vətəndaşın istəyi ilə bağlıdır. Soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur, bu prosedur könüllüdür. Ədliyyə Nazirliyi isə vətəndaşın arzu və istəyini icra edir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı parlament sədrinin I müavini Əli Hüseynli deyib.
“Yeni doğulanlarla bağlı isə heç bir problem yoxdur. Azərbaycan vətəndaşı bunu istədiyi zaman icra edə bilər”, – vitse-spiker bildirib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı soyadların milliləşdirilməsi məsələsini gündəmə gətirib.
“Biz bu “ov”-dan qurtarmalıyıq”, deyən S.Rüstəmxanlının sözlərinə görə, təəssüf ki, yerli qeydiyyat idarələri bu məsələyə mane olurlar: “Niyə mane olurlar? Başa düşmürəm, bu “ov” niyə belə gülməşəkər olub?”
Deputat bildirib ki, dəfələrlə bu məsələ ilə bağlı müraciətlər olub, həmçinin 1992-ci ilin qanunu var:
“Ədliyyə Nazirliyi göstəriş verə bilərdi ki, vətəndaş istəyəndə onun soyadının milliləşdirilməsinə problem yaradılmasın. Ancaq böyük rüsum istənilir, əhalinin onsuz da imkanı yoxdur”.
S.Rüstəmxanlı məsələ ilə bağlı Vilayət Zairova müraciət edib:
“Xahiş edirəm, bizim bu arzumuzu nazirin diqqətinə çatdırın”.
