“Bunu İranın Azərbaycana dəstək verdiyini deyən danabaşlara göstərmək lazımdır”backend

"Bunu İranın Azərbaycana dəstək verdiyini deyən danabaşlara göstərmək lazımdır"

“İran dövlətinin xəbəri olmadan Qarabağa quş da keçə bilməz, nəinki, onlarla yük maşınları”.

KONKRET.az  xəbər verir ki, bu sözləri bizimyol-a Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa İrana aid yük maşınlarının Ermənistan nömrələri taxaraq Laçın dəhlizindən Xankəndiyə keçməsi barədə yayılan son məlumatları şərh edərkən bildirib.

Xatırladaq ki, Caliber yutub kanalı avqustun 11-dən sentyabrın 10-na qədər İrana aid 58 yük maşınının Ermənistan vasitəsilə nömrə dəyişdirərək sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə getməsini əks etdirən görüntülər yayıb.

“İlk əvvəl bu faktları bizim daxilimizdə inadla guya İranın Azərbaycana dəstək verdiyini iddia edən “danabaş”lara göstərmək lazımdır. Ermənistana dəstək vermək Azərbaycana xəyanət deməkdir. Ermənistan özündə benzin emal etmir, bu, aydın məsələdir. Və İran da Ermənistanla hər hansı əlaqələr qura bilər. Lakin heç bir beynəlxalq hüquqa məhəl qoymadan İranın separatçılara, quldur dəstələrinə yanacaq daşıması, yaxud, digər şəkildə dəstək verməsi hər hansı xoş niyyətdən xəbər vermir”, – deyə deputat vurğulayıb.

Deputatın fikrincə, bu, ayrı-ayrı şirkətlər və ya qrupların əməli deyil: “İranın təhlükəsizlik orqanları çox yaxşı işləyir. Onların xəbəri olmadan Qarabağa İrandan quş da uça bilməz. Əminəm ki, İran rəsmilərinin bundan xəbəri var və hətta bu yükdaşıma əməliyyatları yüksək səviyyədə verilən tapşırıq əsasında həyata keçirilir”.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan qaçaqmalçılıqla mübarizə hüquqlarını özündə saxlayır və hər zaman məsələyə müdaxilə edə bilər.

“Azərbaycan istənilən zaman Laçın dəhlizində müşahidə etdiyi şübhəli nəqliyyat vasitələrini dayandıra və yoxlaya bilər. Bunun üçün kimdənsə icazə almağa ehtiyac yoxdur. Və hətta gərəkdiyində, həmin vasitələr zərərsizləşdirilə də bilər. Azərbaycan beynəlxalq hüquqla öz ərazilərində gördüyü istənilən şübhəli yük maşınını saxlaya, nəzarətə ala bilər”, – deyə Fazil Mustafa əlavə edib.

Azərbaycan sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov isə o fikirdədir ki, ilk olaraq səbəbə baxmaq lazımdır.

“Azərbaycan öz sərhədlərinə tam nəzarət edə bilmir. Və bu vəziyyət qaldıqca, oxşar hallar təkrarlanacaq. Ona görə də, ilk növbədə Azərbaycan Ermənistandan Laçın dəhlizinə olan postu öz nəzarətinə almalıdır”, – deyə sabiq nazir vurğulayıb.

O qeyd edib ki, sülhməramlıların vəzifəsi Qarabağda olan mülki şəxslərin təhlükəsizliyini qorumaqdır.

“Orada sakinlərə dəyən yoxdur ki? Mülki şəxslərə atəş açılmır ki? Onlara demək lazımdır ki, gedin öz postlarınızda vəziyyətə nəzarət edin, sərhədlərimizi özümüz qoruyarıq. İnanın mənə, ondan sonra nə diplomatik qalmaqal olacaq, nə də hansısa qaçaqmalçılıq halları ilə üzləşəcəyik. Laçında sərhədləri tam nəzarətə alsaq, İran Xankəndiyə heç nə daşıya bilməz”, – deyə T.Zülfüqarov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*