Məşhur futbolçu Kriştiano Ronaldo uzun illər birlikdə olduğu Corcina Rodrigezlə bu həftəsonu nikah masasına oturacaq.
KONKRET.az xəbər verir ki, 41 yaşlı futbolçu ilə 32 yaşlı modelin toy mərasimi Ronaldoya doğma olan Portuqaliyanın Madeyra adasında keçiriləcək.
Cütlüyün Funşal şəhərindəki kafedral kilsəsində nikah mərasimi keçirəcəyi, daha sonra isə beşulduzlu Savoy Palace otelində möhtəşəm toy ziyafəti təşkil olunacağı bildirilir.
Daha əvvəl cütlüyün Sintra şəhərində yerləşən Kinta da Reqaleyra malikanəsində evlənəcəyi barədə xəbərlər yayılmışdı. Lakin həmin məkanın turistlər üçün açıq qalması bu məlumatların doğruluğuna şübhə yaratmışdı.
“The Sun” nəşrinin məlumatına görə, Funşal kilsəsində mərasim baş tutacaq, daha sonra qonaqlar Savoy Palace otelində təşkil olunan qəbul mərasimində iştirak edəcəklər. Otel rəhbərliyinin artıq bəzi mərtəbələrin və bar zonalarının cümə və şənbə günləri bağlı olacağı barədə qonaqları məlumatlandırdığı qeyd olunur.
Funşal şəhəri Ronaldo üçün xüsusi əhəmiyyət daşıyır. Məhz burada doğulan futbol ulduzunun şərəfinə bürünc heykəl ucaldılıb, şəhərdə onun adını daşıyan otel də fəaliyyət göstərir.
Böyük sərvət sahibi olan Ronaldo üçün doğma şəhərdə toy keçirmək simvolik məna daşıyır. O, uşaqlıq illərində yoxsulluq içində böyüyüb, bacı-qardaşları ilə eyni otağı bölüşüb və 11 yaşında “Sportinq” akademiyasına qoşulmaq üçün ailəsindən ayrılıb.
Toy ərəfəsində cütlük artıq Portuqaliyaya gəlib və nümayiş etdirdikləri bahalı zinət əşyaları ilə diqqət çəkib. Corcina Rodrigez xüsusilə böyük brilyant qaşlı nişan üzüyünü nümayiş etdirən paylaşımları ilə gündəmə gəlib.
Rəsmiyyə Şərifova
KONKRET.az

