Son aylarda ərzaq bazarında qiymət artımları ilə bağlı müzakirələr səngimir. Xüsusilə yumurtanın qiymətində baş verən dəyişikliklər istehlakçıların diqqət mərkəzindədir. Bəzi vətəndaşlar qiymətlərin yenidən əvvəlki səviyyəyə enəcəyinə ümid etsələr də, mütəxəssislər bunun mövcud iqtisadi reallıqlarla uzlaşmadığını bildirirlər.
Bəs yumurtanın yenidən əvvəlki kimi 1 qəpiyə satılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, yumurtanın əvvəlki qiymətinə qayıtması mövcud iqtisadi şəraitdə real görünmür.

Onun sözlərinə görə, son illərdə istehsal xərclərinin əhəmiyyətli dərəcədə artması qiymətlərin köhnə səviyyəyə enməsinə imkan vermir:
“Yem, enerji, yanacaq, logistika və əməkhaqqı xərcləri əvvəlki illərlə müqayisədə xeyli artıb. Belə bir şəraitdə yumurtanın əvvəlki kimi 1 qəpiyə satılması iqtisadi baxımdan mümkün deyil.”
İqtisadçı qeyd edib ki, bazarda müəyyən ucuzlaşmalar baş verə bilər. Lakin bu, əsasən mövsümi amillər və bazarda təklifin artması ilə əlaqədar olacaq.
“Qiymətlərdə müəyyən enmələr müşahidə oluna bilər. Ancaq onların uzun illər əvvəlki səviyyəyə qayıdacağını gözləmək doğru olmaz. Çünki istehsalın maya dəyəri artıq tamamilə fərqli mərhələyə keçib”, – deyə ekspert vurğulayıb.
Asif İbrahimovun fikrincə, yaxın perspektivdə yumurta bazarında əsas gözlənti qiymətlərin sabitləşməsi ola bilər. Bununla belə, məhsulun yenidən 1 qəpiyə satılması mövcud iqtisadi şərtlər daxilində real hesab edilmir.
Aynurə İsmayıl
KONKRET.az
