Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”backend

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

“Təhsil Tələbə Kredit Fondu yaradıldığı gündən bu günə qədər fəaliyyət göstərsə də, təəssüf ki, hələ də işini nə ideal, nə də yaxşı səviyyədə qura bilib. Hazırda bununla bağlı müxtəlif problemlərlə rastlaşırıq. Magistr tələbələrinin mövcud vəziyyətdə nəzərə alınmaması da həmin problemlərin tərkib hissəsidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib. Onun sözlərinə görə, belə qərarlar qəbul edilərkən Təhsil Tələbə Kredit Fondu mütləq Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi ilə koordinasiyalı işləməlidir:

“Qəbul və ixtisas seçimi mərhələlərinin vaxtı əvvəlcədən qarşılıqlı şəkildə müzakirə edilməli, planlar uyğunlaşdırılmalıdır. Bu, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri olduğuna görə belə koordinasiya vacibdir. Problemlər yalnız magistratura pilləsi ilə məhdudlaşmır. Bakalavrların da təhsil krediti alması zamanı müəyyən bürokratik maneələr mövcuddur. Nəticədə, həqiqətən bu dəstəyə ehtiyacı olan bütün tələbələr sistemdən yararlana bilmirlər”.

Ekspert düşünür ki, Təhsil Tələbə Kredit Fondu, Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı birgə konsepsiya, proqram və ya layihə hazırlamalıdırlar:

“Məqsəd maddi imkanı zəif olan tələbələrin ehtiyaclarını ödəmək və mövcud maneələri aradan qaldırmaq olmalıdır. Əks halda, bu bürokratik əngəllər imkansız ailələrin övladlarının ali təhsildən yararlanmasına mane olacaq. Mövcud qaydalara əsasən, tələbənin təhsil kreditindən istifadə edə bilməsi üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 baldan yuxarı olmalıdır. Lakin bu göstəricinin formalaşması üçün tələbə ən azı bir il təhsil almalıdır. Problem də məhz buradan başlayır. Elə ailələr var ki, övladlarının birinci təhsil ilinin ödənişini belə qarşılaya bilmirlər. Buna görə də mövcud mexanizmlər yenidən nəzərdən keçirilməlidir”.

M.Məmmədli onu da vurğulayıb ki, ötən il 13 mindən çox tələbə təhsilini yarımçıq qoyaraq universitetdən ayrılıb:

“Bunun əhəmiyyətli hissəsinin maddi imkansızlıq səbəbindən baş verdiyini düşünmək üçün kifayət qədər əsas var. Bəzi insanlar kreditlərin geri qaytarılması mexanizmi ilə bağlı narahatlıqlarını da dilə gətirirlər. Halbuki bunun üçün dövlət səviyyəsində hazırlanmış mexanizm mövcuddur. Tələbə məzun olduqdan sonra işə düzəldikdə krediti qaytarır. Bildiyim qədərilə, müəyyən hallarda bu öhdəlik valideynlərin iştirakı ilə də yerinə yetirilə bilər. Ona görə də əsas diqqət kreditlərin geri alınmasına deyil, ehtiyacı olan tələbələrin bu dəstəkdən vaxtında və maneəsiz yararlana bilməsinə yönəldilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*