Xəbər verdiyimiz kimi iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Millət vəkili Ceyhun Məmmədov KONKRET.az-a bildirib ki, “Prezident İlham Əliyev müşavirədə bir çox vacib məqamlara toxundu: “Cəbhədə baş verən hadisələr, iqtisadiyyat, gömrük, kənd təsərrüfatı sahəsində vəziyyət və digər məsələlər müşavirənin əsas mövzularından birini təşkil etdi. Prezident öncə cəbhə bölgəsində baş verən hadisələrə münasibət bildirdi. Son günlər Ermənistanın törətdiyi təxribtlara toxunaraq, ordumuzun Ermənistan ordusuna qarşı sarsıdıcı zərbə yetirdiyini, bütün təxribatların qarşısını aldığını bildirdi. Ermənistanın bu addımının arxasında Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurlara xələl gətirilməsi olduğunu bildirdi. Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır, Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı. Bu gün Azərbaycan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarı və təşkilatçısıdır. Pandemiya dövründə bir çox ölkələr özünə qapansa da, Azərbaycan aktiv xarici siyasət yeritdi və bu siyasət beynəlxalq aləmdə də yüksək qiymətləndirildi.
Prezident İlham Əliyev Xarici İşlər Nazirliyi sistemində görülən işlərə də geniş toxundu. Diplomatiyanın hücum xarakterli olmasının zəruriliyini də qeyd etdi. Bir sıra tövsiyələr verdi. Bu qurumun hazırda fəaliyyətinin düzgün qurulmadığını, nöqsanlar olduğunu vurğuladı. Diplomatlarımızın Azərbaycan həqiqətlərinin təbliğində aktiv olmalarının, Azərbaycana qarşı təhdidlərin qarşısının alınması üçün ciddi çalışmalarının vacibliyini qeyd etdi”.
Deputat qeyd edib ki, “Prezident Türkiyənin nümayiş etdirdiyi mövqeyə görə bu ölkənin rəhbərliyinə öz təşəkkürün bildirdi: Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi. Prezident ölkəmizdə hərbi vətənpərvəlik rununa da toxunaraq, bunu yüksək qiymətləndirdiyini, gənclərin qeydiyyata alınması üçün Hərbi Səfərbərlik Xidmətinə xüsusi göstəriş verdiyini qeyd etdi. Prezidentin tapşırığından sonra bu gün orduya könlüllü getmək istəyənlərin sayında ciddi artım müşahidə olundu. Ehtiyac yarandığı təqdirdə bu gənclərin orduda xidmətə cəlb olunması ilə bağlı qərar qəbul ediləcək. Bu gün ölkəmizdə iqtidar-xalq birliyi yüksək səviyyədədir. Azərbaycanda fəaliyyət göstərən partiyaların birgə bəyanat imzalaması bu fikri bir daha təsdiq edir. Bütün təxribatlara baxmayaraq, Azərbaycan xalqının birliyini heç bir qüvvə sarsıda bilməz. Prezident sözügedən yürüşdə təxribat törətmək istəyən şəxslərlə bağlı ciddi ölçü götürüləcəyini, bununla bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini qeyd etdi. Prezident baş verən bütün hadisələrə baxmayaraq, Azərbaycanın heç bir sosial layihənin təxirə salınmaycağını, iqtisadi sabitliyin qorunması üçün bütün addımların atılacağını qeyd etdi. Bu gün hər birimizin üzərinə düşən birlik və həmrəyliyimizi qorumaq, ölkə rəhbərliyi ətrafında birləşməkdir”.
