Rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsov əmindir ki, Ağdamın ardınca iyunun 20-dək, yəni Ermənistanda seçkilərədək Cəbrayıl və Füzuli rayonlarının da mina xəritələri Bakıya veriləcək.
“Əminəm ki, Azərbaycan yaxın həftələrdə nəinki mina xəritələri məsələsini həll edəcək, həm də dövlət sərhədinin delimitasiyası və demarkasiyası, eksklavların öz yurisdiksiyasına qaytarılması, Ermənistandan keçməklə Naxçıvanla eksterritorial quru nəqliyyat əlaqəsinin açılması ilə bağlı bütün digər məsələləri də həll edəcək”. Bunu da Kuznetsov deyib.
Belə əminlik rusiyalı eksper də hardandır? Sonuncu mina xəritəsini erməni tərəfindən nə vaxt ala biləcəyik? Bəs xəritəsi olmayan mina sahələri nə qədərdir və onların təmizlənməsi nə qədər çəkə bilər?
Tərxis Olunmuş Hərbçilər Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli yaranan suallara belə cavab verdi: “10 noyabr bəyanatından sonra Ermənistan Kəlbəcər, Laçın və Ağdamı boşaltmalı idi. Kəlbəcəri boşaltmaq üçün əlavə 10 gün istədi. Noyabrın 15-də deyil, 25-də bu rayonumuz boşaldıldı. O zaman bir çox şəxslər düşünürdü ki, Ermənistan istədiyi vaxta əməl etməyəcək və bu torpaqlardan getməyəcək. Artıq bir narahatçılıq yaranmışdı. Onda jurnalistlərin suallarına belə cavab verdim ki, narahatçılığa əsas yoxdur. Bu, BMT-nin qətnaməsi, ATƏT Minsk qrupunun bəyanatı deyildi ki, Ermənistan əməl etməsin. Azərbaycan tərəfinin, ordumuzun qoyduğu tələb idi. Ali Baş Komandanımız konkret vaxt qoymuşdu. Əməl etməsələr, başlarına elə ”Dəmir yumruq” dəyəcəkdi ki, mövcudluqları sual altında qalacaqdı.

Emin Həsənli
Ermənistanda kimlərin hakimiyyətdə olmasından, işğalçı ölkədə situasiyanın necə inkişaf etməsindən asılı olmayaraq, onun bircə nicatı var. O da Azərbaycan dövlətinin tələblərinə əməl etməkdir. Bu tələblər beynəlxalq hüquqa, humanizmə əsaslanır. Əslində bu tələblər Ermənistanın bölgədə mövcudluğu üçün də gərəklidir. Əgər işğalçı tələblərə əməl etməsə, Azərbaycan elə ölçülər götürəcək ki, sonunda buna məcbur qalacaq. Necə ki, artıq xəritələri verməyə başlayıb. Ağdamda 97 min minanın xəritəsini verməyə məcbur oldu”.
Ekspert daha bir vacib məqama da toxundu: “Burada bir məsələ ortalığa çıxır. Ermənistan danırdı və xəritələrin olmadığını deyirdi. Amma Azərbaycan tərəfi, bizlər israrla bildirirdik ki, xəritələr var. Mina xəritəsiz basdırıla bilməz. Özü də xəritələr hərbi hissədə, korpusda və nazirlikdə qalır. Minaların basdırılması zamanı aktlar hazırlanır və minalar xüsusi anbarlarda saxlanılır. Yalnız razılıq əsasında razılığı olan şəxslər onu götürə bilərlər. İndi mina xəritələri verilir. Niyə ATƏT-in həmsədr ölkələri, BMT, dünyada insan hüquqlarından danışan təşkilatlar Ermənistana sual etmirlər ki, bir əraziyə 97 min mina niyə basdırıb? Beynəlxalq hüquqa görə, bunların istifadəsi cinayətdir. Ermənistanın cəzasını Azərbaycan dövləti özü verir. Sonunda təcavüzkar ölkə mina xəritələrinin hamısını verəcək və ərazilərimiz təmizlənəcək. Zaman gələcək ki, o minaları basdıranlar, cinayətlər törədənlər, onun təşkilatçıları, iştirakçıları Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər. Necə ki, Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə verənlər bu gün məhkəməmiz qarşısında dayanıblar. Xocalıda soyqırımı törədənlərin də məhkəmə qarşısında cavab verəcəkləri gün o qədər də uzaqda deyil.
Bunlar olacağı təqdirdə o zaman beynəlxalq hüquq kimə və nəyə lazımdır? Hərbi, mülki cinayət törədənlər bu gün Ermənistanda seçki uğrunda mübarizə aparırlar. Həm Levon Ter-Petrosyan, həm Robert Köçəryan, həm Serj Sərkisyan, həm də Nikol Paşinyan cinayətkardır. Onların hər biri zamanında cinayətlər törədiblər, lakin ölçü götürülmür. Xüsusilə xəritələr məsələsində heç bir addım atılmır, Ermənistana heç bir ölkə sual vermir ki, niyə bu qədər minanı basdırmısan?”
E.Həsənli Zəngəzur dəhlizi ilə bağlı gedən müzakirələrə də toxundu: “Zəngəzur dəhlizi də açılacaq. Hər kəs arxayın olsun. Necə ki, Azərbaycan və Türkiyə prezidentləri Şuşada bəyannamə imzaladılar. Qardaş ölkənin cümhurbaşqanı yaxın 1-2 ildə Türkiyədən Naxçıvana, oradan Zəngəzur dəhlizindən keçib Zəngilana, Qarabağa gələcək. Eyni ilə dövlət başçımız da bu cür Türkiyəyə gedəcək. Bunlar mütləq olacaq. Azərbaycan sərhədlərində bir millimetr belə güzəştə gedilməyəcək. Zamanında torpaqlarımız hesabına Ermənistan kimi işğalçı dövlət yaranıb. Ermənistan əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Necə ki, sərhədlərimiz müəyyən ediləndə Rusiya və Gürcüstanla dəqiq sərhədlər müəyyən edildi, heç bir güzəştə gedilmədi, indi də elə olacaq. Azərbaycan dövləti ərazi bütövlüyü, müstəqillik məsələsində, milli maraqlarında heç bir dövlətə güzəştə getmir. Xəritələr həm Rusiyada, həm Ermənistanda, həm də Azərbaycanda var. Ermənistan 70-ci illərin xəritəsi ilə razı olmasa, o zaman biz 1920-ci il aprelin 27-nə qədər olan sərhədlərimizə qayıtmalı olacağıq. Onda Zəngəzurun qərbi bütövlükdə Azərbaycanındır, Göyçə gölü bizə məxsusdur. Unutmasınlar ki, Azərbaycan 1918-ci il mayın 28-nə qədər olan xəritəyə də qayıtmaq məcburiyyətində qala bilər. Xalqımızla, dövlətimizlə zarafat etmək olmaz. Onun nəticələri həddindən artıq ağır olur. Azərbaycan dövləti, onun prezidenti nəyi nə zaman, necə etməyi hər kəsdən yaxşı bilir. Bunu keçən zaman sübut edib”./müsavat.com
