Çində strateji “görünməz” bombardmançı modelinin aerodinamik sınaqları baş tutub.
KONKRET.az-ın verdiyi məlumata görə, keçən şənbə günü çinlilər Xian Aircraft İndustry şirkətinə məxsus “Xian H-20” strateji bombardmançısının modelinin əks olunduğu iddia edilən bir neçə şəkil yayımlayıblar. Şəkillərə görə, perspektivli “görünməz” bombardmançı “uçan qanad” aerodinamik sxeminə uyğun hazırlanıb və Amerikanın məşhur “B-2 Spirit” modelinə bənzəyir.
Təqdim olunan fotolar əsl H-20-in belə görünəcəyinə 100% zəmanət vermir. Ancaq əvvəllər şəbəkədə Çin bombardmançısının bir modelinin fotolarını yerləşdirmişdilər və ümumən indi gördüyümüzə bənzəyirdi. Bundan əvvəl China Daily qəzeti Çin ordusunun 10 tona qədər silah daşıya bilən uzun məsafəli (səkkiz min kilometrə qədər) bombardmançıya sahib olmaq istədiyini bildirmişdi.
H-20 Çinin hazırladığı iki görünməz bombardmançı layihələrindən biridir. “Xian H-20” daha böyük layihədir. Digər bir təyyarə, mütəxəssislərin fikrincə, strateji deyil, taktiki bombardmançı olacaq və vəzifəsi çoxməqsədli qırıcıların missiyaları ilə üst-üstə düşəcək.
Çin H-20-ni təqdim edəndən sonra “elit” klubuna daxil olacaq: hazırda yalnız bir dövlətin gizli strateji bombardmançısı var – bu Amerika Birləşmiş Ştatlarıdır (söhbət yuxarıda adı çəkilən B-2-dən gedir). Amma ABŞ hazırda bu qanadlı qurğuların istehsalını məhdudlaşdırıb. İndi amerikalılar ABŞ Hərbi Hava Qüvvələrində xidmətdə olan bütün strateji bombardmançılarını əvəz edə biləcək yeni B-21 təyyarəsini fəal şəkildə inkişaf etdirir. Məlumata görə, yeni bombardmançı B-2-dən daha kiçik və daha ucuz olacaq. Yəqin ki, yükü və döyüş məsafəsi də Spirit-dən daha az olacaq. Bir ay əvvəl B-21-in ilk uçuşunun təxmini tarixi də məlum olub: guya onun premyerası 2021-ci ilin dekabr ayının əvvəlinə planlaşdırılıb.
