Bilirsinizmi ki, tarixdə ilk dollar milyarderi olan Con Rokfeller, müasir dillə desək, əsl “krevelloper” imiş? Amma onu adətən təsəvvür etdiyimiz mənada yox.
O, sadəcə neft imperiyası quran adam deyildi. Sadəcə neftdən pul qazanmağı bacaran sahibkar da deyildi.
Onun əsas xüsusiyyəti daim eyni sualı verməsində idi:
“Bundan başqa daha nə etmək olar?”. Ən maraqlısı isə məhz bundan sonra başlayır.
XIX əsrdə neftdən əsasən kerosin əldə etmək istəyirdilər.
Bəs qalanı? Tullantı, qaz, benzin, qatran, parafin. Emal prosesindən qalan müxtəlif maddələr. Bunların çoxu sadəcə zibil hesab olunurdu. Rokfeller isə məsələyə bir qədər fərqli baxırdı.
Əgər bunlar artıq mövcuddursa, niyə itib-batmalıdır?
“Standard Oil” şirkəti neft emalının əlavə məhsullarından istifadə yollarını sistemli şəkildə axtarırdı.
Başqalarının tullantı hesab etdiyi maddələrdən sürtkü materialları, parafin, benzol, nafta, vazelin, asfalt və digər məhsullar hazırlanırdı. Şirkət hətta başqalarının həddindən artıq problemli hesab etdiyi nefti emal etməyə imkan verən texnologiyaların inkişafına xüsusi diqqət ayırırdı.
Amma məsələ bununla bitmirdi. Rokfeller sadəcə neft almırdı. O, neftin ətrafındakı bütün sistemi də nəzarətdə saxlamağa çalışırdı.
Öz çəlləkləri, çəllək istehsalı emalatxanası, taxta materialları, daşınma sistemi, anbarları. Müasir dillə desək, şaquli inteqrasiya. Yəni məntiq təxminən belə idi:
“Nefti necə sata bilərəm?” yox, “Əlimdə olan hər şeydən maksimum dəyəri necə əldə edə bilərəm?”Bu, son dərəcə müasir sualdır. Həm də çox “krevelloper” sualıdır. Çünki adi yanaşma belədir: Resurs var. Ondan məhsul hazırlayırıq. Məhsulu satırıq. Vəssalam.
“Krevelloper” isə məsələyə tamam başqa cür baxır: Resurs var.
Bəs burada daha nə var?Nəyi tullantı hesab edirik?Nəyi görmürük? Nəyi ayrıca məhsula çevirmək olar? Nəyi satmaq mümkündür? Nədən özümüz istifadə edə bilərik? Nəyi başqa bir şeylə birləşdirmək olar?Sadəcə bunu lazımsız hesab etdiyimiz üçün harada pul itiririk?
Və bu yanaşma təkcə neftə aid deyil. Demək olar ki, istənilən biznesə tətbiq etmək mümkündür. Müştəriniz var. Bəs onun üçün daha nə yarada bilərsiniz?
İstehsalınız var. Bəs hansı əlavə məhsulları tullayırsınız? Müştəri bazanız var. Bəs onlara hələ hansı məhsulları təklif etməmisiniz?Məlumatlarınız var. Bəs onlardan hansı dəyəri hələ heç kim əldə etmir?İşçiləriniz var. Bəs onların hansı bacarıqlarından ümumiyyətlə istifadə olunmur? Texnologiyanız var. Bəs onun ətrafında hansı biznes qurmaq olar? Məhz burada, məncə, Rokfeller adi sahibkarla “krevelloper” arasındakı fərqi çox yaxşı göstərir.
Sahibkar belə soruşa bilər: “Bu məhsuldan necə daha çox qazana bilərəm?”
“Krevelloper” isə soruşur: “Bundan başqa burada nə yaratmaq olar?” Fərq kiçik görünür.
Amma bəzən milyardlarla dollarlıq sərvətlər məhz bu fərqin üzərində qurulur. Rokfeller faktiki olaraq neft emalını elə bir sistemə çevirmişdi ki, əvvəllər tullantı hesab olunan getdikcə daha çox məhsul əmtəəyə və dəyər mənbəyinə çevrilirdi. “Standard Oil” şirkətinin tarixi ilə bağlı araşdırmalarda da əlavə məhsulların inkişaf etdirilməsi və kommersiyalaşdırılması onun rəqabət üstünlüyünün mühüm elementlərindən biri kimi qeyd olunur.
Və burada mənim xüsusilə xoşuma gələn bir məqam var.
Bu gün resursların sürətlə artdığı bir dünyada yaşayırıq.
Məlumatlar meydana çıxır.
Süni intellekt, avtomatlaşdırma, robotlar, yeni texnologiyalar, satış kanalları, istehsal üsulları. Amma şirkətlərin əksəriyyəti yeni resurslardan köhnə üsullarla istifadə etməyə davam edir.
Deməli, böyük miqdarda dəyər hələ də gözümüzün qarşısında, yanımızda dayanır.
Necə ki, vaxtilə neft emalının tullantısı hesab edilə bilən benzində olduğu kimi.
Ta ki kimsə soruşana qədər: “Bəs biz bunu niyə tullayırıq?” Məhz bu sualdan “krevellopment” başlayır. Bəzən milyardlar yeni resursda deyil.
Milyardlar sizin artıq sahib olduğunuz, amma hələ görməyi bacarmadığınız şeylərin içində gizlənir.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
