Rusiyanın Rostov şəhərində Türkiyəyə məxsus “Consul” adlı yük gəmisində 12 azərbaycanlı dənizçi aylardır çıxılmaz vəziyyətdə qalıb. Dənizçilərin sözlərinə görə, gəminin olduğu ərazidə davam edən dron hücumları onların gəmini tərk etməsinə və Azərbaycana qayıtmasına imkan vermir.
KONKRET.az-a müraciət edən kapitan Səbuhi Salahov bildirib ki,ekipaj Rusiyadan quru yük daşıyıb. Sonuncu səfərdə kömür yükünü Moldovaya aparıblar. Daha sonra eyni yükü götürmək üçün geri qayıdarkən yollar bağlanıb və gəmi Rostovda qalıb.
“Rusiyadan quru yük daşıyırdıq. Axırıncı dəfə Moldovaya kömür yükü apardıq. Bir səfərdə eyni yükü gətirməyə gəldik. Yollar bağlandı. Çünki Azov-Qara dəniz ərazisində 200-ə yaxın gəmiyə dron hücumu oldu. Biz də o vaxtdan Rusiyanın Rostov şəhərində qalmışıq. Artıq 3-4 aya yaxındır buradayıq”, – S.Salahov deyib.
Onun sözlərinə görə, dənizçilərin bir neçə aylıq əməkhaqqı ödənilməyib:
“Biz əməkhaqqı ala bilmirik. Hər gün ‘sabah’, ‘birigün’ deyirlər. Bütün gəminin ekipajını bloklayıblar, heç kimə cavab vermirlər. Gündən-günə vəziyyət çətinləşir”.
Salahov bildirib ki, gəminin yerləşdiyi ərazidə təhlükəsizliklə bağlı ciddi narahatlıq var. Onun sözlərinə görə, yaxınlıqdakı obyektlər, anbarlar və gəmilər dron hücumlarına məruz qalır:
“Hər gün yanımızdakı obyekt, anbar, gəminin özü vurulur. Bunlardan pul alıb Azərbaycana gəlmək istəyirik. Amma əlimizdən heç nə gəlmir”.
Dənizçinin redaksiyaya göndərdiyi müraciətdə də kömək çağırışı yer alıb. O bildirib ki, ekipaj artıq 4 aydır Rostovda lövbərdə köməksiz vəziyyətdə qalıb və davamlı dron təhlükəsi ilə üzləşir.
“Biz Rusiyanın Rostov şəhərində 4 aydır lövbərdə köməksiz qalmışıq. Bütün günü dron gülləsi altındayıq. Firma bizə 7-8 aydır maaş vermir, – müraciətdə deyilir.
Məlumata görə, “Consul” gəmisi Türkiyənin “Adler Gemiçilik” şirkətinə məxsusdur. Şirkətin rəhbərliyində azərbaycanlı Elman Mürsəlov və Türkiyə vətəndaşı Müzeffer Salimin olduğu bildirilir.
Hazırda gəmidə 12 azərbaycanlı dənizçinin olduğu qeyd edilir. Onların əsas tələbi yığılıb qalan əməkhaqlarının ödənilməsi, təhlükəsizliklərinin təmin olunması və Azərbaycana qayıtmaları üçün şərait yaradılmasıdır.
Dənizçilər aidiyyəti qurumlardan və şirkət rəhbərliyindən problemin həlli istiqamətində təcili tədbir görülməsini istəyirlər.
Aynurə İsmayıl
KONKRET.az
