Havalar soyudu: FHN əhaliyə müraciət etdi – VİDEObackend

Havalar soyudu: FHN əhaliyə müraciət etdi – VİDEO

Havaların soyuması ilə elektrik və qazla işləyən qızdırıcı cihazlara olan tələbat artdığı halda məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, o cümlədən qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Bildirilib ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insan itkisi, eləcə də əmlaka və infrastruktura vurulan ziyanla nəticələnir.

“Yanğın baş verərkən təhlükəsizliyinizi təmin etmək üçün ağız və burnunuzu nəm parça materialı (dəsmal, şərf, paltar və s.) ilə tutub əyilərək və ya sürünərək hərəkət edin, digər otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun, yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın, mənzili tərk etmək mümkün deyilsə eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin, binanı tərk etmək üçün liftdən istifadə etməyin. Yanğın çoxmərtəbəli binaların elektrik şaxtasında, mənzillərində və müxtəlif sahələrində baş verdikdə isə digər mənzillərin sakinləri xilasedicilər gələnədək mənzili tərk etməməli və giriş qapısının ətrafını nəm parça materialı ilə tutub tüstüdən qorunmalıdır”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*