Çinin orbitdə olan peyki Türkiyədəki zəlzələdən sarsılan Nurdağı kəndinin görüntüsünü çəkib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, peyk görüntülərində nəhəng yarıqlar, çökən binalar daha aydın görünür. Üç yaşayış massivindəki binaların yarısı dağılıb, torpaqda nəhəng çatlar əmələ gəlib. Həmçinin sürüşmə izlərinin olduğu da müşahidə edilir.
Qeyd edək ki, zəlzələ Türkiyənin Hatay, Osmaniye, Adıyaman, Kilis, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Adana, Elazığ şəhərlərində güclü dağıntılara və insan təlafatına səbəb olub. Həmçinin Suriyada, Kipr adasında, İraqda, Misirdə və Livanda da güclü yeraltı təkanlar hiss edilib.
Çinin Çanqşada yerləşən “Spacety Co Ltd” kosmik şirkəti zəlzələ bölgəsinin fövqəladə təsvirini əldə etmək üçün dərhal “Chaohu-1” peykini quraşdırıb. Zəlzələnin episentrinin ətrafının radar görüntüləri bazar ertəsi yerli vaxtla səhər saat 11.05-də əldə edilib. Görüntünün zəlzələnin episentrindən 22 kilometr qərbə aid olduğu bildirilsə də, yaşayış yeri haqda dəqiq məlumat verilməyib.
“Chaohu-1” peyki təqribən 8878 kvadrat kilometr təsvir sahəsi olan zolaq rejimini qəbul edir. Şirkətin tədqiqatçıları zəlzələnin episentrinin şəkillərini zəlzələdən əvvəl çəkilən optik peyk fotoları ilə müqayisə ediblər.
Qəsəbələrin peyk görüntülərində bəzi tikililərin səpələnmiş halda olması onların söküldüyü təəssüratını yaradır. Həmçinin qəsəbənin ətrafındakı torpaqda çox böyük çatların izləri var və sürüşmə təsiri yaradan cizgilər diqqəti çəkir.
Müşviq Tofiqoğlu,
KONKRET.az