Çinin Şençjen şəhərində qeyri-adi sammit keçirilir. İlk dəfə ABŞ, Rusiya və Çin prezidentləri eyni vaxtda bir araya gəliblər.
Donald Tramp Vladimir Putin və Si Cinpinlə nüvə silahlarının azaldılması, Ukraynadakı müharibə və İran ətrafında yaranmış münaqişəni müzakirə etməyi planlaşdırır. Avropada isə artıq yeni “Yalta” ssenarisindən narahatlıq ifadə olunur. Belə ki, qitənin taleyinə təsir edəcək qərarların Avropa ölkələrinin iştirakı olmadan qəbul edilə biləcəyi ehtimalı müzakirə edilir.
Hələlik sammit iştirakçıları diplomatiyadan daha çox simvolik jestlərlə diqqət çəkirlər.
Putin Şençjenə nüvə çamadanı ilə gəlib. Rusiya jurnalistləri prezidentin müşayiətində olan zabitin əlindəki qara çamadanın məhz strateji nüvə qüvvələrinin idarəetmə sistemi ilə bağlı olduğunu müəyyən ediblər. Si Cinpin isə diplomatik protokolu pozaraq Trampı şəxsən hava limanında qarşılayıb və ona Çində xarici dövlət başçılarına uzun illərdir göstərilməyən səviyyədə təntənəli qəbul təşkil edib.
Tramp isə əsas danışıqlar başlamamışdan əvvəl uğura ümid etdiyini açıqlayıb. Onun fikrincə, həm Putin, həm də Si Cinpin ona yaxşı münasibət bəsləyir.
Şençjendə üç böyük gücün görüşü
Görüşün formal səbəbi noyabrın 18-19-da keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının (APEC) 33-cü sammitidir. Təşkilata regionun 21 iqtisadiyyatı daxildir. Lakin dünya mediasının diqqəti forumdan daha çox onun çərçivəsində ayrıca danışıqlar aparmaq qərarına gələn üç prezidentə yönəlib.
İlk günün ən diqqətçəkən hadisəsi noyabrın 18-də Donald Trampın hava limanında qarşılanması oldu.
Si Cinpin şəxsən “Air Force One” təyyarəsinin trapına yaxınlaşaraq amerikalı həmkarını qarşıladı. Prezidentlər əl sıxışdılar, qısa müddət qucaqlaşdılar və birlikdə qırmızı xalça üzərində irəlilədilər.
Amerika prezidentinin şərəfinə hərbi orkestrin müşayiəti, fəxri qarovul, əllərində bayraq və gül dəstələri tutan uşaqların iştirakı ilə təntənəli mərasim təşkil edildi. Hava limanının üzərindən uçan qırıcı təyyarələr isə səmada rəngli izlər buraxdı.
Si Cinpin 2013-cü ildə hakimiyyətə gəldikdən sonra ilk dəfə xarici dövlət başçısını şəxsən hava limanında qarşılayırdı. Çin tərəfi bu jesti qarşılıqlı nəzakət nümunəsi kimi izah etdi. Belə ki, sentyabr ayında Tramp da Vaşinqton yaxınlığındakı Endryus aviabazasında Si Cinpini şəxsən qarşılamışdı.
Maraqlı məqam isə Vladimir Putinin Şençjendə Si Cinpin tərəfindən deyil, Çin rəhbərliyinin ən nüfuzlu nümayəndələrindən biri olan Tsay Tsı tərəfindən qarşılanması idi.
Tramp: “Mən artıq diplomatik qələbə qazanmışam”
Amerika prezidenti qarşılanma mərasimindən olduqca məmnun qalıb. O, «Fox News» telekanalına müsahibəsində əsas danışıqlar başlamamışdan əvvəl belə diplomatik uğur qazandığını bildirib.
“Bu, böyük prezidentdir, Çin tarixinin ən böyük prezidentlərindən biridir. O, indiyədək heç kimi hava limanında qarşılamaq üçün şəxsən getməyib”, – deyə Tramp çinli həmkarını tərifləyib.
O, sözlərinə belə davam edib:
“Təkcə bu deyil. Bütün bu təmtəraq, gözəllik, mərasimin möhtəşəmliyi, minlərlə insan, balaca uşaqlar, əsgərlər – bütün bunlar bizə göstərilən böyük hörmətin ifadəsi idi. Mən bunu yüksək qiymətləndirirəm. Bu, bizim üçün böyük qələbədir. Çin üçün də”.
Çinin Sinxua agentliyinin məlumatına görə, Tramp ölkəni böyük dövlət, Si Cinpini isə böyük lider adlandırıb.
Çin lideri də öz növbəsində danışıqların qarşılıqlı hörmət, ədalət və bərabərlik prinsipləri əsasında iki ölkə arasında strateji sabitliyin təmin olunmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Putinin nüvə çamadanı diqqət mərkəzində
Vladimir Putin isə diqqəti başqa bir detal ilə özünə çəkib. Rusiya teleaparıcısı və Dövlət Dumasının deputatı Yevgeni Popov prezidentin müşayiətində qara çamadan daşıyan zabiti görüb və onun strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan qurğu olub-olmadığını dəqiqləşdirmək qərarına gəlib.
“Elə həmin çamadandır?” – deyə jurnalist soruşub.
Prezidenti müşayiət edən hərbçi isə “Bəli, elə həmin çamadandır” cavabını verib.
Popov bu görüntüləri özünün “Telegram” kanalında yayımlayıb.
Söhbət Rusiyanın strateji nüvə qüvvələrinin idarəetmə sisteminə daxil olan “Çeqet” adlı portativ rabitə terminalından gedir. Bu qurğu prezidentə hərbi komandanlığa müvafiq əmrlər və göstərişlər ötürmək imkanı verir.
Əslində, “Çeqet”in prezidentin səfərlərində müşayiət olunması qeyri-adi hal deyil. O, Putinin xarici səfərləri zamanı da daim təhlükəsizlik və hərbi müşayiət sisteminin tərkibində olur. ABŞ prezidentini də analoji nüvə çamadanı müşayiət edir.
Diqqətçəkən məqam isə Rusiya dövlət televiziyasının məhz nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar ərəfəsində bu detalı xüsusi qabartmasıdır.
Bununla yanaşı, Rusiya hərbi aviasiyasının hərəkətləri də sammitə əlavə gərginlik gətirib. Görüşdən bir qədər əvvəl Moskva nüvə silahı daşımaq qabiliyyətinə malik iki “Tu-95” strateji bombardmançı təyyarəsini Vyetnama göndərib. Bu addım üç nüvə dövlətinin danışıqlara hazırlaşdığı vaxta təsadüf edib.
Putin Qərbi hədəfə aldı, Kanada baş naziri isə onu yalan danışmaqda ittiham etdi
Putin noyabrın 18-də APEC-in biznes sammitində çıxış edərək Qərbə qarşı sərt bəyanatlar səsləndirib.
O, Rusiyanı təcrid etmək cəhdlərinin uğursuzluğa düçar olduğunu, sanksiyaların isə əvvəlki təsir gücünü əhəmiyyətli dərəcədə itirdiyini bildirib.
“Əvvəlki hegemonlar mövcud imkanlara uyğunlaşmaq əvəzinə, ədalətli rəqabət məntiqinə zidd olaraq, bəzən, açığını desək, öz maraqlarının da əleyhinə gedərək uğur və tərəqqi nümayiş etdirən ölkələrin inkişafını məhdudlaşdırmağa çalışırlar”, – deyə Rusiya prezidenti bildirib.
Putinin sözlərinə görə, Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə dünya rekordçusuna çevrilsə də, xarici təzyiqləri iqtisadi inkişaf üçün stimula çevirməyi bacarıb. O, Avropa ölkələrinin Rusiya bazarından və enerji resurslarından imtina etməklə özlərinə zərər vurduğunu iddia edib.
Rusiya prezidenti Tramp və Si Cinpinlə qarşıdakı görüşdən “böyük potensial fayda” gözlədiyini də bildirib.
Lakin sammit iştirakçılarının hamısı Putinin nikbinliyini bölüşməyib.
Kanadanın baş naziri Mark Karni Rusiya prezidentini açıq şəkildə yalan danışmaqda ittiham edib.
“Vladimir Putin ilk dəfə deyil ki, yerlərdə baş verənlər barədə yalan danışır. Sanksiyalar tamamilə realdır və müharibə davam etdiyi müddətdə onların təsiri daha da güclənəcək”, – deyə Karni jurnalistlərə bildirib.
Si Cinpinin əsas mesajı: iqtisadiyyat və azad ticarət
Çin lideri isə çıxışında iqtisadiyyat, azad ticarət və proteksionizmlə mübarizə məsələlərinə üstünlük verib.
Si Cinpin dünya iqtisadiyyatında artım üçün kifayət qədər stimulun olmadığını, birtərəfli qərarların və ticarət məhdudiyyətlərinin getdikcə geniş yayıldığını bildirib.
Təntənəli qəbul mərasimində o, iştirakçıları Şençjen şəhərinin timsalında Çinin iqtisadi transformasiyasına diqqət yetirməyə çağırıb.
“Çinin son 50 illik tarixini görmək istəyirsinizsə, Şençjenə gəlməlisiniz”, – deyə Si bildirib.
O, vaxtilə kiçik balıqçı qəsəbəsi olan Şençjenin necə nəhəng sənaye və texnologiya mərkəzinə çevrildiyini xatırladıb.
Si Cinpin və Putin: “Köhnə dostlar” görüşü
Həmin gün Si Cinpin Vladimir Putinlə ayrıca görüş də keçirib.
Çin lideri Rusiya prezidentini “köhnə dostum» adlandırıb. Putin isə ona “əziz dostum” deyə müraciət edib.
Tərəflər ticarət, investisiyalar, beynəlxalq siyasət və Ukraynadakı müharibəni müzakirə ediblər.
Si Cinpin Çin-Rusiya münasibətlərinin qeyri-sabit beynəlxalq şəraitdə sabitlik amili olduğunu vurğulayıb. O, iki ölkənin hökumətləri, parlamentləri, hərbi qurumları və siyasi partiyaları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Axşam keçirilən rəsmi qəbulda isə Tramp və Putin sammit çərçivəsində ilk dəfə əl sıxışıblar. Təşəbbüs Rusiya prezidentindən gəlib. O, ABŞ prezidentinə yaxınlaşaraq qısa söhbət edib. Si Cinpinin də iştirak etdiyi görüşdən sonra üç lider fotoqraflar qarşısında dayanaraq şəkil çəkdiriblər.
Kreml həmin vaxt Tramp və Putin arasında məzmunlu ikitərəfli danışıqların hələ keçirilmədiyini açıqlayıb.
Tramp Putinə: “Bu, mənim dostumdur!”
Görüşlə bağlı yayılan görüntülərdən biri də Trampın Putinlə qarşılaşması zamanı nümayiş etdirdiyi davranış olub.
ABŞ prezidenti Rusiya liderini görəndə ona tərəf tələsərək “Bu kimdir? Bu, mənim dostumdur!” deyə səslənib.
Bundan əvvəl Tramp Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla da qarşılaşıb. O, Peskovu barmağı ilə göstərərək onun öz işini çox yaxşı yerinə yetirdiyini bildirib.
Maraqlıdır ki, Karolina Levittin Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılmasından sonra Tramp hələ də yeni mətbuat katibi təyin etməyib.
Əsas məsələ: nüvə silahlarının azaldılması
Üçtərəfli görüşün əsas mövzularından biri nüvə silahlarına nəzarət və onların azaldılması olacaq.
Rusiya ilə ABŞ arasında sonuncu strateji hücum silahlarının azaldılması müqaviləsi – START-III (Yeni START) 2026-cı il fevralın 5-də qüvvədən düşüb.
Tramp yeni razılaşma əldə etməyə, üstəlik, bu prosesə Çini də cəlb etməyə çalışır.
Lakin burada ciddi problem var. Çin ABŞ və Rusiya ilə eyni səviyyədə nüvə məhdudiyyətlərinə razılaşmaqda maraqlı deyil.
Ekspertlərin qiymətləndirmələrinə görə, ABŞ və Rusiyanın nüvə arsenalında hər birində minlərlə döyüş başlığı mövcuddur. Çinin arsenalında isə təxminən 600 nüvə başlığı olduğu bildirilir.
Pekin hesab edir ki, əvvəlcə Vaşinqton və Moskva özlərinin xeyli böyük nüvə arsenallarını azaltmalıdır.
Tramp da bu məsələnin mürəkkəbliyini etiraf edir.
“Onlar nüvə silahlarını çox sürətlə artırırlar. İstərdim ki, bunu etməsinlər”, – deyə ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində Çin barədə danışarkən bildirib.
Amerika lideri Pekinin qarşılıqlı addım olaraq ABŞ-dan nüvə arsenalını 2 min döyüş başlığı qədər azaltmağı tələb edə biləcəyini də istisna etməyib.
“Mənim üçün buna razılıq vermək çox çətindir. Yəqin ki, onlar üçün də çətin olacaq”, – deyə Tramp etiraf edib.
Ukrayna məsələsi: Kiyev və Avropa kənarda qalacaq?
Üçtərəfli görüşün digər mühüm mövzusu Ukrayna müharibəsidir.
Tramp daha əvvəl Putin və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etmək niyyətində olduğunu bildirmişdi. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bu mövzunun danışıqlarda qaldırılmasının mümkünlüyünü istisna etməmişdi.
Lakin Ağ Evin nümayəndələri Ukrayna məsələsinin üçtərəfli görüşün rəsmi gündəliyinə daxil ediləcəyini gözləmədiklərini bildiriblər.
Kiyev və Avropa paytaxtları üçün əsas narahatlıq da məhz budur. Üç böyük dövlətin liderləri Ukraynanın və onun müttəfiqlərinin nümayəndələri iştirak etmədən Avropa təhlükəsizliyinə təsir göstərə biləcək məsələləri müzakirə edə bilərlər.
Almaniya kansleri Fridrix Merts daha əvvəl 2025-ci ilin avqustunda Tramp və Putinin görüşdüyü Ankoric sammitinin təkrarlanması riskinə diqqət çəkmişdi.
Həmin görüş müharibənin başa çatmasına gətirib çıxarmasa da, sonradan Kiyev və Avropa dövlətlərinin etirazına səbəb olan təkliflərin ortaya çıxmasına zəmin yaratmışdı.
Şençjendəki görüş artıq 1945-ci ilin fevralında keçirilən Yalta konfransı ilə müqayisə olunur. Həmin vaxt ABŞ, Böyük Britaniya və SSRİ liderləri müharibədən sonrakı dünya nizamını müzakirə etmişdilər.
Bununla belə, hazırkı görüşün iştirakçılarının maraqları və məqsədləri bir-birindən xeyli fərqlənir. Buna görə də onların yeni dünya nizamı ilə bağlı vahid razılaşmaya gələcəyini indidən söyləmək çətindir.
Üç lider, üç fərqli məqsəd
Donald Tramp nüvə danışıqlarında nəticə əldə etmək və öz diplomatik bacarıqlarını nümayiş etdirmək istəyir.
Vladimir Putin Rusiyanın dünya siyasətində əsas qərarverici güclərdən biri statusunu möhkəmləndirməyə və Ukrayna müharibəsinin həlli ilə bağlı Moskva üçün daha əlverişli şərtlərə nail olmağa çalışır.
Si Cinpin isə hər iki tərəflə münasibətləri qorumaq, eyni zamanda Çinin xarici siyasət imkanlarını məhdudlaşdıra biləcək sərt öhdəliklərdən yayınmaq niyyətindədir.
Dublin Universitet Kollecinin beynəlxalq siyasət professoru Skott Lukas «Əl-Cəzirə» telekanalına vəziyyəti qısa, lakin diqqətçəkən ifadə ilə xarakterizə edib:
“Bu, Trampın eqosu, Putinin taktikası və Çinin strategiyasının sammitidir”.
Silahlara nəzarət üzrə ekspert, Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Deril Kimboll da həddindən artıq nikbinliyə qapılmamağa çağırıb.
“Bizə APEC çərçivəsində Si, Putin və Trampın fotoşəkilləri üçün yaradılan imkanlardan və diplomatik tamaşadan daha çox şey lazımdır», – deyə o bildirib. Ekspertin fikrincə, bir görüşdən ciddi irəliləyiş gözləmək real deyil.
Hələlik sammit iştirakçıları diplomatik tamaşa nümayiş etdirməkdə daha fəal görünürlər. Çin misilsiz qonaqpərvərlik göstərib və Tramp bunu artıq öz qələbəsi kimi təqdim edib. Putin nüvə çamadanı ilə diqqət çəkib və amerikalı həmkarı ilə əl sıxışıb. Si Cinpin isə iqtisadiyyatın və azad ticarətin geosiyasi qarşıdurmalardan daha vacib olduğunu vurğulamağa çalışıb.
Lakin əsas sınaq hələ qarşıdadır. Üç liderin qarşısında duran başlıca məsələ təntənəli mərasimləri, komplimentləri və fotoşəkilləri konkret siyasi razılaşmalara çevirməkdir.
Məhz bundan sonra Şençjen sammitinin dünya siyasətində hansı iz buraxacağı aydınlaşacaq.
Hazırladı: KONKRET.az-ın Analitik Qrupu
