İtaliyada noyabrın 11-i, 12-si və 16-da ölkə üzrə məktəblərin fəaliyyətini iflic edən kütləvi bomba hədələrini xatırlayırsınızmı?
10 mindən çox təhsil müəssisəsinə həyəcan doğuran elektron məktublar göndərilmiş, 300-dən artıq məktəb təxliyə edilmişdi. Hadisə ölkədə ciddi narahatlıq yaratmış, hüquq-mühafizə orqanları genişmiqyaslı araşdırmaya başlamışdı.
İlk gündən müstəntiqlərin diqqətini məktubların sonunda yer alan sirli imza cəlb etmişdi: “Mixail Andropov”.
Rus adı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş rəhbəri Yuri Andropovun soyadını xatırladan təxəllüs və radikal hərəkatlara istinadlar hadisənin arxasında Rusiya izinin ola biləcəyi barədə ehtimallar yaratmışdı.
Lakin noyabrın 18-də istintaqda gözlənilməz dönüş baş verdi. Araşdırmanın izi Rusiyaya deyil, ABŞ-a apardı.
“Mixail Andropov” ABŞ-da tapıldı
İtaliyanın kibercinayətkarlıqla mübarizə üzrə mütəxəssisləri amerikalı həmkarları ilə əməkdaşlıq çərçivəsində “Mixail Andropov” təxəllüsündən istifadə edən şəxsi müəyyənləşdiriblər.
Məlum olub ki, həmin şəxs ABŞ-ın Arizona ştatının Finiks şəhərində yaşayır.
Lakin araşdırma zamanı maraqlı məqam üzə çıxıb: həmin şəxs özü İtaliya hüquq-mühafizə orqanlarına müraciət edərək kiminsə onun rəqəmsal şəxsiyyətindən icazəsiz istifadə etdiyini bildirib.
Hətta İtaliya məktəblilərinin bir qismi sosial şəbəkələr vasitəsilə ona müraciət edərək göndərilən hədə məktubları ilə bağlı izahat tələb etməyə başlayıb.
FTB nəyi müəyyənləşdirdi?
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı yoxlama nəticəsində Finiksdə yaşayan şəxsin kütləvi hədə məktublarının göndərilməsi ilə əlaqəsi olmadığı qənaətinə gəlinib.
Beləliklə, məktubların arxasında dayanan şəxsin kimliyi hələ də müəyyən edilməyib.
İstintaqın əsas ehtimallarından biri budur ki, naməlum şəxslər “Mixail Andropov” adından qəsdən istifadə edərək araşdırmanı yanlış istiqamətə yönəltməyə çalışıblar.
Ancaq məktubları kimin göndərdiyi, hansı məqsəd güddüyü və məhz bu təxəllüsün niyə seçildiyi hələlik açıq qalır.
İstintaqı Neapol prokurorluğu aparır
Hazırda işlə Neapol prokurorluğu məşğul olur. Araşdırma terrorizm ehtimalı da nəzərə alınmaqla, prokuror Nikola Qratterinin rəhbərliyi altında davam etdirilir.
Mütəxəssislər elektron məktubların texniki mənşəyini, göndərilmə üsullarını və ayrı-ayrı hadisələr arasında mümkün əlaqələri müəyyənləşdirməlidirlər.
Əsas təhlükə dezinformasiya və saxta izlərdir
Bu hadisə müasir rəqəmsal təhdidlərin nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini bir daha göstərir. Heç bir real partlayış baş vermədən, sadəcə anonim elektron məktublar vasitəsilə minlərlə təhsil müəssisəsinin fəaliyyəti pozula, yüzlərlə məktəbdə təxliyə həyata keçirilə və cəmiyyətdə ciddi təşviş yaradıla bilər.
Daha təhlükəli məqam isə belə hadisələrin arxasında kimin dayanmasının müəyyənləşdirilmədiyi bir vaxtda milli və siyasi mənsubiyyətlə bağlı ehtimalların ortaya atılmasıdır.
Ad rus mənşəli ola bilər, həmin addan istifadə edən şəxs ABŞ-da yaşaya bilər, lakin məktubların əsl müəllifi tamam başqa ölkədə fəaliyyət göstərə bilər.
Məhz buna görə də istintaqda təxəllüslərə və zahiri əlamətlərə deyil, texniki sübutlara, rəqəmsal izlərə və real əlaqələrə əsaslanmaq vacibdir.
Bəs siz necə düşünürsünüz: məktublardakı “rus” istinadları istintaqı bilərəkdən yanlış istiqamətə yönəltmək üçün hazırlanmış saxta iz idi, yoxsa hadisənin arxasında radikal qruplaşmalarla real əlaqəsi olan qüvvələr dayana bilər?
Natiq Səlim,
KONKRET.az
