Qürur, ehtiras və intiqam hissi, demək olar ki, bəşəriyyətin özü qədər qədimdir. Bunlara xəyanəti də əlavə etsək, Əhdi-Ətiqdəki məşhur süjetlərdən birini qısa şəkildə ifadə etmiş olarıq.
“Samson və Dalila” əsəri flamand rəssamı Piter Paul Rubens tərəfindən 1609-cu ildə çəkilib.
Bu gün güclü pəhləvanın adı artıq məcazi məna daşıyır. Samson israillilərə böyük əziyyət verən filiştlilərlə mübarizə aparmaq üçün dünyaya gəlmişdi. O, xalqının şöhrəti naminə çoxsaylı qəhrəmanlıqlar göstərmişdi. Lakin bir gün qürura qapılaraq möminlik yolundan uzaqlaşdı. Düşmən düşərgəsindən olan gözəl Dalilaya aşiq oldu və onunla evləndi.
Keçmiş soydaşlarının təhriki ilə Dalila hiylə və yalvarışlarla ərinin qeyri-adi gücünün sirrini öyrəndi. Məlum oldu ki, Samsonun gücü onun uzun saçlarında gizlənirmiş. Ərini içirdib yuxuya verdikdən sonra xain qadın düşmənləri içəri buraxdı. Onlar Samsonun başından yeddi saç telini kəsdilər. Gücünü itirən Samson əsir götürüldü, gözləri çıxarıldı və zindana salındı.
Saçları yenidən uzandıqdan sonra əvvəlki gücünü bərpa edən kor Samson zindanın damını uçurdu və dağıntılar altında həm özünü, həm də ona əzab verənləri basdırdı.
Rəssam bibliya qəhrəmanlarını dini kontekstdən kənarda təsvir edib. Fahişəxananın otağında yarıçılpaq qadının dizləri üstündə atletik görünüşlü kişi dərin yuxuya gedib. Yaşlı qadın yanan şamı tutur. Şamın işığında əlində qayçı olan kişi düşündüyü planı sürətlə və ehtiyatla həyata keçirir. Qapının ağzında isə zirehli əsgərlər dayanıb. Onlar heç nədən şübhələnməyən Samsonu əsir götürməyə hazırlaşırlar.
Hazırda əsər Böyük Britaniyada, London Milli Qalereyasının kolleksiyasında saxlanılır.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
Mənbə:Dünya rəngkarlığı
