Dəhşətli soyuqlar, ölümcül xəstəliklər, aclıqdan əziyyət çəkən insanlar – Orta əsr Avropasında insanlar qışdan necə sağ çıxırdılar?backend

Dəhşətli soyuqlar, ölümcül xəstəliklər, aclıqdan əziyyət çəkən insanlar - Orta əsr Avropasında insanlar qışdan necə sağ çıxırdılar?

Bir neçə əsr əvvəl “mülayim qış” ifadəsi ən pis zarafat hesab olunurdu. Qarlı meşədə romantik gəzintilərdən və digər qış sevinclərindən söhbət belə getmirdi. Sakinlər yaza qədər necə sağ qalacaqlarını düşünürdülər. 1300-cü ilin qışı avropalılara xoşagəlməz sürprizlər yaşatdı. Məhz o zaman Kiçik Buz Dövrü başladı. Onun səbəblərindən biri Gulf Streamdə yavaşıma, vulkan püskürmələri və günəş aktivliyinin azalması idi.

Kiçik Buz Dövrü 19-cu əsrə qədər davam etdi. Soyuq qışların təkcə avropalıların gündəlik həyatına deyil, siyasi qərarlara da  təsiri var idi. Bir sıra tədqiqatçıların fikrincə, aclıq, epidemiyalar və aqrar böhran Qərbi Avropada kəndli üsyanlarının ilkin şərtlərinə çevrildi. Alimlər  iqlim dəyişikliyinin Bizans İmperiyasının süqutunun səbəblərindən biri olduğunu irəli sürdülər

Temza buzda.

Milyonlarla avropalı 1315-ci ildən 1317-ci ilə qədər davam edən böyük aclıqdan sağ çıxa bilmədi. Bu vaxta qədər Avropanın əhalisi 120 milyon nəfərə çatmışdı. Bu arada yağıntıların normadan artıq çox olması səbəbindən fermerlər əkin sahələrini şumlaya bilmirdilər  və mal-qara tələf olurdu. Məhsul çatışmazlığının dəhşətli nəticələri Avropanın şimalına  təsir etdi. Kannibalizm geniş yayıldı. Yeni doğulmuş uşaqlar öldürülürdü. Uşaqlar taleyin ümidinə buraxılmışdı. Qrimm qardaşlarının “Hansel və Gretel” nağılının əsasını məhz bu hadisələr təşkil edirdi. Nağıl qəhrəmanları aclıq təhlükəsi altında valideynləri tərəfindən tərk edilmiş uşaqlardır. Qocalar qohumlarına çətinlik yaşatmamaq üçün  könüllü olaraq yeməkdən imtina edirdilər.  Məhsulların qiyməti inanılmaz dərəcəyə qalxdı.  Lotaringiyada qiymətlər 320% artdı. Əti qorumaq üçün lazım olan duz qıtlığı yarandı. Orta əsr Avropasında duz həmişə baha qiymətə satıldığından ona “ağ qızıl” deyirdilər. Duz əldə etmək uzun və zəhmətli iş  idi. Dəyişən hava onu əldə etməyi daha da çətinləşdirirdi. Duzsuz yemək tez xarab olurdu. Avropa ölkələri bahalaşan qiymətləri nəzarətdə saxlamağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər. Buna görə Avropada cinayət də artmağa başlamışdı. İngilis salnaməçiləri misli görünməmiş bir hadisəni belə  təsvir edirlər: 1315-ci il avqustun 10-da Kral II Eduard Müqəddəs Albans şəhərindən keçərkən özü və müttəfiqləri üçün çörək ala bilməyib.

 

 Antverpendə qış.

Aclıqdan əziyyət çəkən avropalılar həddən artıq zəifləmişdilər. Məhz buna görə də,  1315-1317-ci illərdə Avropada vərəm geniş yayıldı. Əhali arasında kütləvi ölümlər başladı. Qışda evlər az qala çöldəki qədər soyuq olurdu. Pəncərələr yağlı perqamentlə örtülmüşdü. Evlərin əksəriyyətində soba yox idi. Zəngin evlərdə soba otağın ortasına yerləşdirilir və tüstü tavandakı bir dəlikdən çıxırdı. Monastırlarda ibadət etmək sadəcə mümkün deyildi. Rahiblər içərisində kömür olan metal topdan “isti su şüşəsi” kimi istifadə edirdilər. Qalalarda divarlara xalçalar asılır, çarpayının istiləşməsi üçün onun üstündə çardaq qoyulurdu.

Kasıblar qışda çox isti geyinirdilər. Onlar çox yatmaqla canlarını soyuqdan qorumaq istəsələr də bu da mümkün olmurdu. Qış sadəcə  əzab idi, soyuq insanı yatağında belə təqib edirdi. Soyuq qış aylarında bir az ət və tərəvəz yeyirdilər. Yeməyə  quru meyvələr də əlavə edilirdi. Kasıbların çoxunun öz mətbəxi belə yox idi, onlar bütünlüklə tacirlərə güvənirdilər. Heyvanlara qışda yem verməmək üçün onlar payızda kəsilir, ətləri duzlanır, hisə verilirdi. Zəngin insanların öz pəhrizləri var idi. Həkimlər mümkün qədər çox isti ət, xüsusən də quzu əti, əncir yeməyi və “yaxşı şərab” içməyi tövsiyə edirdilər.

Ancaq vitamin çatışmazlığı ciddi nəticələrə səbəb oldu. Zülal çatışmazlığından yaranan Pellagra xəstəliyi az müddətdə xəstənin həyatına son qoyurdu. Vitamin çatışmazlığı bəzi hallarda korluğa səbəb olurdu. Zəifləmiş insanların çoxu pnevmoniyadan əziyyət çəkirid.  Bu vəziyyətdə xəstə yalnız Allahın mərhəmətinə güvənirdi. Pnevmoniyadan ölüm nisbəti  100% -ə çatmışdı.  Kasıb adamlar çirkab içində yaşayırdılar. Hamamdan söhbət belə gedə bilməzdi. Qışda yalnız çox varlı insanlar hamamdan istifadə edirdi. Kasıblar Pasxa bayramını gözləyirdilər. Orta əsr Avropasının sakininin hansı qoxu verdiyini  təsəvvürünüzə belə gətirə bilməzsiniz. Məsələn, bir rahib üçün parazit əldə etmək şərəf idi. Bitlər bir növ müqəddəslik simvoluna  çevrilmişdi. İnsanlar xüsusilə çətin qış vaxtlarında bir-birlərini infeksiyalarla “mükafatlandırırdılar”. Üz toxumasını məhv edən Noma xəstəliyi geniş yayılmışdı. Hər il minlərlə insan cüzam xəstəliyindən dünyasını dəyişirdi. Digər geniş yayılmış virus infeksiyası çiçək xəstəliyi idi. Həkimlər deyirdilər ki, hər bir insan həyatında bir dəfə çiçək xəstəliyinə tutulmalıdır.

Bir sıra tədqiqatçıların fikrincə, vəba xəstəliyinin yayılmasına digər amillərlə yanaşı, soyuq havadan və böyük aclıqdan sonra avropalıların immunitetinin zəifləməsi də təsir edib. 1350-ci ilə qədər Qara Ölüm səbəbiylə Avropa əhalisi 88 milyon nəfərə qədər azaldı. Böyük şəhərlərdə bu xəstəlik əhalinin 50%-nin həyatına son qoyub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*