Almaniyada hazırda təxminən 1,8 milyon insan demensiyadan əziyyət çəkir. Onların əksəriyyətinin yaşı 65-dən yuxarıdır. Ömür uzunluğunun artması nəzərə alınaraq, effektiv müalicə üsulu hazırlanmasa, 2050-ci ilə qədər Almaniyada demensiya ilə yaşayan insanların sayının 2,3–2,6 milyona çatacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Alman Alzhaymer Xəstəliyi ilə Mübarizə Cəmiyyəti yeni hesablamalarına əsasən məlumat yayıb.
Hazırda demensiyadan əziyyət çəkən insanların ən çox yaşadığı federal torpaq Almaniyanın ən sıx məskunlaşmış bölgəsi olan Şimali Reyn-Vestfaliyadır. Sonrakı yerlərdə Bavariya və Baden-Vürtemberq qərarlaşıb.
Lakin əhalinin ümumi sayına nisbətdə ən yüksək göstərici Almaniyanın şərqində qeydə alınır. Buna səbəb həmin ərazilərdə orta yaş göstəricisinin daha yüksək olmasıdır. Saksoniya və Saksoniya-Anhaltda demensiyalı insanların əhali arasında payı 2,6 faiz, Türingiyada isə 2,5 faiz təşkil edir.
Demensiyadan əziyyət çəkənlərin ən aşağı payı əhalisi nisbətən gənc olan iri şəhərlərdədir. Bu göstərici Hamburqda 1,7 faiz, Berlində isə 1,8 faizdir.
1,8 milyon xəstənin təxminən üçdə ikisində demensiyanın ən geniş yayılmış forması olan Alzheimer xəstəliyi müşahidə olunur. Bu xəstəlik düşünmə, nitq, mühakimə yürütmə və istiqaməti müəyyənləşdirmə kimi zehni funksiyaların itirilməsinə, həmçinin beyin hüceyrələrinin məhvinə və ya ciddi zədələnməsinə səbəb olur.
Xəstələrin böyük əksəriyyəti 65 yaşdan yuxarıdır. Almaniyada təxminən 85 min insan, yəni əhalinin təxminən 5 faizi demensiyaya daha gənc yaşlarda tutulub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
