Deputat: “Həm dərsliklər, həm də məktəbli formaları ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır” – VİDEObackend

Deputat: "Həm dərsliklər, həm də məktəbli formaları ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır" - VİDEO

“Bu gün əksər vətəndaşımızın məktəblə birbaşa əlaqəsi var. Onların da ən yaralı yeri dərsliklər və məktəbli paltarıdır. Heç nəyi gizlətmək lazım deyil, həm dərslik nəşri, həm də məktəbli paltarı ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır. Ona görə də hər vasitə ilə min hoqqa çıxarırlar ki, vətəndaşdan pul qoparsınlar”.

KONKRET.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa bu gündən etibarən məktəbli formalarının satışa çıxarılması ilə əlaqədar səsləndirib.

O, istər dərslik, istərsə də forma məsələsində inhisarçılığın baş alıb getdiyini dilə gətirib:

“Dərslik pulsuz verilir, nə olsun? Üzərində on-on beş yardımçı kitabı da almalısan ki, kimlərsə pul qazansın? Əlavə məcburən yalnız yükü olub məzmunu olmayan bu qədər kitab aldırarlar? Üstəlik də bu dərslikləri niyə may ayında yığırsınız? Üç ay bəlkə uşaq təkrar edəcək kitabları? Onsuz da dərslər mənasız yerə sentyabrın 15-i başlayır, sentyabrın 1-də yığsanız dünya dağılar? Çox vətəndaş uşağının təhsil alması naminə artıq kitab-dəftərlərə pulu boğazından kəsib ödəyir.

Məktəbli forması isə başdan-ayağa hoqqabazlıqdır. Bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədiyi qiyməti yapışdırırlar. Hamı tökülub inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün bir il işə yarayır. Təhsilin keyfiyyətinə diqqət yetirmək lazım, formasına deyil”.

Fazil Mustafa onu da təklif edib ki, müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı 10 çeşid alternativ geyim formaları təqdim etsin:

“Qoy bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa versin. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur”.

Millət vəkilinin fikrincə, əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa daha yaxşı olar. “Yüz yerdə mənasız israfımız var, təhsildən hər yayındırılan vəsait küçədə bir cahilin, bir narkomanın sayının artması deməkdir”, – deyən deputat bildirib ki, onsuz da ölkə cahilliyə məğlub olmağa doğru gedir…

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*