Dini obyektlərdəki nəzir qutuları: Toplanan vəsaitlərə kim nəzarət edir?backend

Dini obyektlərdəki nəzir qutuları: Toplanan vəsaitlərə kim nəzarət edir?

Dini obyektlərdə yerləşdirilən nəzir qutularına toplanan vəsaitlərin hansı məqsədlərə xərclənməsi məsələsi uzun müddətdir müzakirə mövzusudur. İanələrin hara yönəldilməsi ilə bağlı ictimaiyyətə mütəmadi məlumat verilməməsi isə bu sahədə şəffaflıq və hesabatlılıqla bağlı suallar doğurur.

Bəs nəzir qutularında toplanan vəsaitlərə kim nəzarət edir və bu pullar əsasən hansı istiqamətlərə xərclənir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, nəzir qutuları ilə bağlı şəffaflıq məsələsi uzun müddətdir gündəmdədir.

Din xadimləri dövlətin işinə qarışmamalıdır" - İlahiyyatçı - Təzadlar | www.tezadlar.az

“Nəzir qutuları ilə bağlı müzakirələr və qeyri-şəffaf durum uzun müddətdir ki, gündəmi zəbt edir, fərqli yanaşmalar ortaya qoyulur. Bu vəsaitlərin hara xərclənməsi hələ də müəmmalı olaraq qalır. Bəzən toplanan vəsaitlərin dini obyektlərin təmirinə xərcləndiyi bildirilir. Lakin reallıq odur ki, həmin abidələrin bir qismi dövlət tərəfindən təmir və bərpa olunur”, – deyə ilahiyyatçı bildirib.

T.İrfanın sözlərinə görə, müxtəlif vaxtlarda nəzir və ianələrdən xaricdən təsirlənən dini-ideoloji istiqamətlərin təbliği məqsədilə istifadə edilməsi ilə bağlı da fikirlər səsləndirilib.

“Bu vəsaitlərin hansısa yad dini-ideoloji xəttin ölkədə təbliğinə sərf olunduğu barədə fikirlər var. Hər bir halda, bu sahənin daha aydın şəkildə tənzimlənməsinə ehtiyac var. Toplanan ianələrin xarici təsirdə olan və ya dini məsələlərdə xarici dini mərkəzlərin mövqelərinə istinad edən şəxslər tərəfindən müəyyən istiqamətlərə yönəldilməsi mənfi haldır”, – deyə ilahiyyatçı qeyd edib.

Tural İrfan hesab edir ki, nəzir və digər dini ianələrin toplanması və xərclənməsi ilə bağlı hesabatlılıq təmin edilməli, bu prosesə nəzarət mexanizmləri gücləndirilməlidir.

“Nəzir və digər ianələrin hesabatı şəffaf olmalı, nəzarət isə aidiyyəti dövlət qurumu tərəfindən aparılmalıdır. Bu vəsaitlərin indiyədək xarici dini-ideoloji xəttin və ideologiyanın təbliği istiqamətində istifadə edildiyi barədə fikirlər səsləndirilib. Hazırda qarşıda duran mühüm məsələlərdən biri nəzir qutularına və dini obyektlərə toplanan vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılığın təmin edilməsi və bu sahədə şəffaflığın yaradılmasıdır”, – deyə T.İrfan vurğulayıb.

Beləliklə, nəzir qutularında toplanan vəsaitlərin hansı istiqamətlərə xərcləndiyinin ictimaiyyətə aydın və şəffaf şəkildə təqdim olunması həm dini icmalara olan etimadın artırılması, həm də mümkün sui-istifadə hallarının qarşısının alınması baxımından əhəmiyyətli ola bilər.

Bu baxımdan, dini ianələrin toplanması, uçotu, istifadəsi və hesabatlılığı ilə bağlı daha aydın mexanizmlərin formalaşdırılması məsələsi gündəmdə qalır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*