Soyuq havaların yaxınlaşması ilə soyuqdəymə halları da artmaqdadır. Adətən yüngül keçdiyi düşünülən bu xəstəlik əslində həm yoluxucu xarakter daşıyır, həm də iş yerlərində kütləvi yayılma riski yaradır. Maraqlıdır, belə olan halda, soyuqdəymədən əziyyət çəkən şəxslərə dövlət səviyyəsində “evdə qal” icazəsi – yəni məcburi istirahət və ya xəstəlik vərəqəsi tətbiq edilməlidirmi?
Bu barədə KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, soyuqdəymə hallarında insanlara işə getməmək üçün rəsmi icazə – yəni xəstəlik vərəqəsi verilməlidir.

Həkimin sözlərinə görə, soyuqdəyməsi olan şəxslərin iş yerinə getməsi həm kollektivdə yoluxmanı artırır, həm də ümumilikdə dövlət və özəl sektorun fəaliyyətinə mənfi təsir göstərir:
“Soyuqdəyməsi olan adamlara birinci növbədə xəstəlik vərəqəsi verilməlidir. Çünki onlar işdə digərlərinə yoluxdururlar. Yoluxan işçilər evdə qalanda həm müəssisə, həm də vətəndaş özü əziyyət çəkir. Əgər bu qayda tətbiq olunsa, əhali arasında geniş yayılmış infeksion xəstəliklərin qarşısını almaq mümkün olar.”
Rasif Bağırov əlavə edib ki, soyuqdəymə hallarında bəzən yalnız tənəffüs yolları deyil, əzələlər və digər orqanlar da zədələnir. Onun sözlərinə görə, bu xəstəliyin 90 faiz hallarında yuxarı tənəffüs yolları zərər görür və bu da insanların mütləq şəkildə istirahət etməsini tələb edir.
“Əgər yuxarı tənəffüs yolları xəstədirsə, bu insanlara evdə qalmaq üçün icazə verilməlidir,” – deyə həkim vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
