DİQQƏT: Parlament seçkilərinin müddəti dəyişdirilə bilər?- Mühüm AÇIQLAMAbackend

DİQQƏT: Parlament seçkilərinin müddəti dəyişdirilə bilər?- Mühüm AÇIQLAMA

Milli Məclisə seçkilərin hazırkı 5 illik müddətinin 3 ilə endirilməsi məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Belə bir dəyişiklik parlamentin daha tez yenilənməsinə imkan versə də, deputatların fəaliyyətə uyğunlaşması və qanunvericilik işinin davamlılığı baxımından müxtəlif suallar yaradır.

 Bəs Milli Məclisə seçkilərin 3 ildən bir keçirilməsi parlamentin fəaliyyətinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı hesab edir ki, Milli Məclisin səlahiyyət müddətinin 3 ilə endirilməsinə ehtiyac yoxdur.

CROSSMEDIA - Tural Abbaslı: Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü  də Mehdiyevlə əlbirdir...- MÜSAHİBƏ

Onun sözlərinə görə, seçkili orqanların fəaliyyət müddəti müəyyənləşdirilərkən optimal zaman nəzərə alınmalıdır:

“Bu müddət nə qədər uzun olmamalıdır ki, seçilən şəxslər özlərini həmin kürsüdə uzunmüddətli görsün, onu şəxsi mülkiyyət kimi qəbul etsin və şəxsi nüfuzu tutduğu vəzifənin nüfuzunu üstələsin. Digər tərəfdən, müddət həddindən artıq qısa da olmamalıdır. Çünki deputat seçildikdən sonra müəyyən uyğunlaşma mərhələsindən keçir”.

Tural Abbaslı bildirib ki, deputatın ilk ili əsasən parlamentin iş prinsiplərini, prosedurları və fəaliyyət mexanizmlərini öyrənməyə sərf oluna bilər. Növbəti mərhələdə isə qanun layihələrinin hazırlanması və komitələrin fəaliyyətində daha fəal iştirak mümkün olur.

“Əgər deputatın cəmi 3 illik səlahiyyət müddəti olarsa, ilk il əsasən uyğunlaşmaya gedəcək. İkinci ildə öz funksiyalarını daha effektiv yerinə yetirməyə, qanun layihələri təqdim etməyə və komitələrin fəaliyyətində iştirak etməyə çalışacaq. Üçüncü il isə artıq növbəti seçkiyə hazırlıq mərhələsinə çevriləcək. Bu halda fəaliyyətin müəyyən hissəsi vətəndaşa xidmətdən daha çox yenidən seçilməyə yönələ bilər”, – deyə partiya sədri vurğulayıb.

O, qeyd edib ki, bu baxımdan 3 illik müddət parlamentin səmərəli fəaliyyətini məhdudlaşdıracaq.

“Belə bir analiz aparanda görünür ki, 3 il kimi qısa müddətdə deputatın yalnız bir ili daha səmərəli fəaliyyət üçün qala bilər. Ona görə də hesab edirəm ki, Milli Məclisin 5 illik səlahiyyət müddəti normaldır və seçkilərin daha tez-tez keçirilməsinə ehtiyac yoxdur”, – deyə Tural Abbaslı əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*