“Dünyada ən zəhləm getdiyi söz aktyorların “rollarım mənim balalarımdır” kimi sözləridir…”backend

"Dünyada ən zəhləm getdiyi söz aktyorların “rollarım mənim balalarımdır" kimi sözləridir..."

KONKRET.az xəbər verir ki, Xalq artisti Şamil Süleymanlı Moderator.az-ın suallarını cavablandırıb.
– Şamil müəllim, salam! Xoş gördük sizi! Hal-hazırda hansısa ekran işində çəkilirsiniz?
– Salam, mən də sizi salamlayıram. Hazırda Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş filmdə onun atası rolunda çəkilirəm. Artıq filmin çəkilişləri başlayıb, iki səhnə çəkilib. Bir də rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmində molla obrazına təsdiq olunmuşam. Çoxdan bir arzum var idi ki, molla obrazı oynayım. Deyəsən artıq o arzum gerçəkləşir. Asif Rüstəmov işinə çox ciddi yanaşır, kollektiv həvəslə işləyir. Mən də çox şadam ki, həmin istedadlı cavanların sırasındayam. Bir neçə yerdən də dəvət almışam, görək necə olacaq?
– Elə sənətçilər var ki, sırf kinoaktyordurlar, teatrda çalışmayıblar. Siz də həmçinin heç vaxt teatrda çalışmamısınız. Buna səbəb nədir?
– Ömrümün bu vaxtında teatrda çalışmaq üçün dəvət gəlib, amma mən kinoya alışmışam. Teatr böyük sənətdir, bir az qorxuram. Çünki teatr aktyorları pələngdirlər. Mən demirəm ki, döyüş meydanını tərk edəcəm, xeyr mən öz yerimi heç kimə döyüşsüz vermərəm, lap qoca olsam da. Amma nə edim? Kino məni özünə daha çox cəlb edir.
– Şamil Süleymanlı hər zaman saqqal saxlayır. Bu bir imicdir, yoxsa rejissorları cəlb etmək üçün bu addımı atır?
– Saqqalla kinoya çəkilmək olsaydı, onda nə vardı ki?! Xeyr, bu nə imicdir, nə də başqa bir şey. Nə bilim.
– Gənclərdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətlər varmı?
– Biz yaşlı nəsil onları yalnız sevməliyik. 44 günlük müharibədə bizim gəncliyimiz idi, Şuşanı, Qarabağı yağı düşmənin əlindən alan gənclər idi. Gənc aktyorlarımız da var ki, mən onları həddindən artıq çox istəyirəm. Çox ciddi və istedadlı gənclik gəlir. Mənim tanıdığım gənclər, sükanı belə saxlayın!
– Adətən, sənətkarlar gəncləri, orta nəsili tənqid edirlər. Məsələn, Xalq artistləri Rasim Balayev, Əbdül Mahmudbəyov bir müddət əvvəl Elməddin Cəfərovun çəkdiyi serialları tənqid atəşinə tutmuşdular. Həqiqətən Elməddin Cəfərovun çəkdiyi seriallar ağır tənqidə layiqdir?
– Rasim Balayev böyük sənətkardır, Azərbaycan incəsənətinin sərvətidir. Rasim Balayev ağrıdığına görə danışır, bizim gəncliyimizi yüksəkdə görmək istəyir. Mən dediyim gənclər tamam başqalarıdır. Onların adlarını çəksəm, siyahıya yerləşməz. Onlarla fəxr edirəm. O ki qaldı tənqid etdiyimiz gənclərə, mənim tanıdığım gəncləri elə-belə tənqid etmək olmaz. Onlar da çəkdiklərimizi, çəkildiklərimizi qoyarlar ortaya göstərərlər ki, burada bunu etmisən! Mən bu gəncliyi tanıyıram! Amma siz dediyiniz gənclik, onların çəkdikləri bizim söhbətimizin mövzusu deyil.
– Hansı filmlərinizin xatirələri sizi hələ də tərk etmir?
– Dünyada ən zəhləm getdiyi söz aktyorların dediyi “rollarım mənim balalarımdır, “bu həyat bir də mənə verilsə aktyor olaram” kimi sözlərdir. Bu söhbətlərdən, suallardan qətiyyən xoşlanmıram. Kinoya elə-belə gələndə belə suallar olur. Ömrünü kinoya həsr edəndə bilirsən ki, bu kinodur, bir də o illərə qayıtmayacaqsan. Teatrın gözəlliyi ondadır ki, sən oynadığın rolu bir də oynaya bilərsən. Amma kino həyat həyat kimidir, səhv etmisənsə getdi daha. Sən istəsən də, istəməsən də heç nəyi qaytara bilməzsən. Həmçinin də həmin xatirələri. Ömrümün bir parçasına tez-tez baxıram. Kimlərlə ki, filmə çəkilmişəm, bir də çəkilməyə hazıram. Çəkildiyim insanların çoxu ilə də dostam.
– Sizcə, kinomuz etibarlı əllərdədir?
– Bunu əlahəzrət tamaşaçı bilir. İstehsal olunmuş filmlərə baxırsan görürsən ki, etibarlı əllərdədir yoxsa etibarsız?! Ancaq son filmlərə baxıram, bilmirəm etibarları nə qədərdir, amma güclü əllərdədir. Oxunmuş əllərdədir! Ona görə mən bu gəncliyi çox istəyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*