Dünyanın müxtəlif regionlarında dini amillərin siyasi proseslərə təsirinin artması dünyəvi dövlət modelinin qorunmasını milli təhlükəsizlik və ictimai sabitlik baxımından daha da aktuallaşdırır. Azərbaycan Konstitusiyasında təsbit olunan dünyəvilik prinsipi təkcə dinin dövlətdən ayrılmasını deyil, həm də müxtəlif dini konfessiyaların bərabər hüquqlarının, vicdan azadlığının və əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunmasını nəzərdə tutur. Türkiyənin yaxın tarixində baş vermiş 15 iyul hadisələri isə dini qruplaşmaların dövlət idarəçiliyinə təsirinin hansı təhlükələrə yol aça biləcəyini göstərən nümunələrdən biri kimi müzakirə olunur. Belə bir şəraitdə Azərbaycanın dünyəvi dövlət modelinə qarşı yönələn tənqidlər və bu prinsip ətrafında aparılan ideoloji mübahisələr diqqət çəkir. Bəs dünyəvilik prinsipinin qorunması Azərbaycanın milli təhlükəsizliyi və regional sabitlik baxımından hansı əhəmiyyətə malikdir?
Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Azərbaycan dünyəvi respublikadır və bu, 1995-ci il Konstitusiyasında öz əksini tapıb. Burada həm də dinin dövlətdən ayrı olduğu göstərilib:

“Bu, təkcə Konstitusiyada qalmır. Dövlət öz qanunlarını həyata keçirdiyi siyasətdə realizə edir. Multukulturalizmdə, tolerantlıq siyasətində, müxtəlif dini konfensiyalara yanaşmada, dinc yaşamaq prinsipində bütün bunlar özünü göstərir və dinin dövlətdən ayrı olduğu əksini tapır. Azərbaycan prizmasından baxanda dünyəvilik həm də milli təhlükəsizlik modelinə çevrilir. Yəni məscid, kilsə, sineqoq və məbədin yanaşı dayandığı nümunəni heç kim poza bilməz. Türkiyə təcrübəsinə gəldikdə, biz görürük ki, hücrələr, müxtəlif dini təriqətlər və qruplaşmalar tamamilə dövlətin ətrafına dolaşıb. Yəni dövlətin toxunulmazlıq nüvəsinə enərək onu parazit kimi içdən yeyib. Bu, təhsilə, orduya, dövlət idarəçiliyinə, milli təhlükəsizlik qurumlarına da daxil olub. Beləliklə, Türkiyədə ciddi hökumət böhranı yaranıb və təhlükəsizlik zərbə altında qalıb. Hətta dövlətin xəritədən silinmə ehtimalı da meydana çıxdı. Buna rəğmən, Türkiyədən idarə olunan bəzi səhifələr, sosial şəbəkələr, rəsmi mövqelər Azərbaycanı tanımırlar. Yaxud ən pisi odur ki, Azərbaycanı Türkiyə ilə müqayisə edirlər. Bu isə tamamilə absurddur”.
Ekspertin sözlərinə görə, Azərbaycan məktəblərində vahid geyim qaydasının tətbiqi dövlət müsəsisəsində neytrallığın qorunmasına xidmət edir:
“Bu, qanunvericilik qarşısında məsuliyyət daşınmasına xidmət edən bir qərardır. Azərbaycanda ortaq təhlükə kimi dini radikalizm götürülür. Yeri gəlmişkən, Azərbaycanın tətbiq etdiyi yanaşma bir növ Türkiyənin özü üçün də həm nümunədir, həm də xeyirlidir. Çünki Türkiyənin özündə proseslərin hansı istiqamətdə cərəyan etdiyi göz qabağındadır”.
Natiq Səlim
KONKRET.az
