“QATAR GETDİ”: İranla müharibənin bitməsi belə “respublikaçı”ları xilas edə bilməyəcəkbackend

“QATAR GETDİ”: İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşması və inflyasiyanın kəskin zəifləməsi belə sorğuda iştirak edənlərin əksəriyyətinin seçiminə, demək olar ki, təsir etməyəcək.

PF Global şirkətinin 3–5 oktyabr tarixlərində 2001 yetkin amerikalı arasında keçirdiyi araşdırma göstərib ki, respondentlərin cəmi 28 faizi Tramp İranla müharibəni başa çatdıracağı təqdirdə Respublikaçılar Partiyasına səs verməyə daha çox meyilli olardı. Benzinin bir qallonu üçün qiymətin 1 dollar azalması isə respondentlərin 29 faizinin seçiminə təsir göstərə bilərdi.

Bununla yanaşı, hər üç amerikalıdan biri müharibənin başa çatmasının qərarını heç bir şəkildə dəyişməyəcəyini bildirib. Respondentlərin daha 20 faizi isə belə bir vəziyyətdə respublikaçılara dəstək verməyə daha az meyilli olacağını deyib.

Qərarını hələ müəyyənləşdirməyən seçicilərin mövqeyi xüsusilə diqqətəlayiqdir. Onların yalnız 9 faizi İranla müharibənin başa çatmasının respublikaçılara səs vermək ehtimalını artıracağını bildirib. Benzinin bir qallonu üçün qiymətin 1 dollar ucuzlaşması isə bu seçicilərin cəmi 10 faizini inandıra bilərdi.

Üstəlik, amerikalılar Trampın bu nəticələrə nail olacağına da o qədər inanmırlar. Respondentlərin yalnız 27 faizi onun İranla müharibəni başa çatdıra və ya ərzaq məhsullarının qiymətlərini əhəmiyyətli dərəcədə aşağı sala biləcəyini düşünür. Hətta 2024-cü ildə Trampa səs verənlərin arasında belə, benzinin bir qallonu üçün qiyməti 1 dollar azalda biləcəyinə inananların payı cəmi 43 faizdir.

“Düşünürəm ki, bir çox baxımdan seçkilərin nəticəsi artıq müəyyənləşib. Respublikaçıları hazırda necə səfərbər etmək olar? Demokratlar isə açıq şəkildə qətiyyətli mübarizəyə kökləniblər”, – deyə sosioloji tədqiqat şirkəti “Noble Predictive Insights”ın təsisçisi Mayk Nobl bildirib.

Seçki mübarizəsinin xüsusilə gərgin keçdiyi ştatlarda çalışan respublikaçı siyasi texnoloqlardan biri isə vəziyyəti daha sərt qiymətləndirib:

“Tramp artıq heç nə edə bilməz. Açığını desək, hətta nəsə edə bilsəydi belə, indiki mərhələdə ona onsuz da heç kim inanmazdı”.

POLITICO qeyd edir ki, İranla müharibənin iqtisadi nəticələri getdikcə daha çox hiss olunur. Yanacağın və gübrələrin qiyməti artır, bu da tədricən ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Müharibə dərhal başa çatsa belə, benzinin qiymətləri müharibədən əvvəlki səviyyəyə qayıtmayacaq. Ekspertlərin qiymətləndirməsinə görə, bunun üçün aylarla vaxt tələb oluna bilər.

“Tramp özü də deyir ki, İranla müharibə seçkilərə qədər başa çatmayacaq. Ancaq müharibə bitsə belə, yanacaqdoldurma məntəqələrində və mağazalarda qiymətlərin Respublikaçılar Partiyasının vəziyyətinin pisləşməsini dayandıracaq qədər aşağı düşəcəyini təsəvvür etmək çətindir”, – deyə respublikaçı strateq Duq Hay bildirib.

POLITICO-nun məlumatına görə, respublikaçılar artıq Trampın 2024-cü ildə inamla qalib gəldiyi seçki dairələrini qorumaq üçün əlavə resurslar səfərbər etməyə məcbur olublar. Partiya daxilində mümkün itkilərin miqyası və Senata nəzarətin qorunub saxlanılması ilə bağlı narahatlıqlar artır.

“Seçkilərin gedişatını hansısa xarici hadisənin dəyişə biləcəyi vaxt artıq ötüb”, – deyə respublikaçı siyasi texnoloqlardan biri fikrini yekunlaşdırıb.

Müəllif: Rüstəm Aqadamov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*