Azərbaycanla hərb meydanında bacarmadılar, indi ideoloji müharibəyə başladılarbackend

Azərbaycanla hərb meydanında bacarmadılar, indi ideoloji müharibəyə başladılar

Dövlətin müvafiq qurumları hələlik ictimaiyyətə açıqlanmayan məlumatları ictimailəşdirəndə görəcəyik, kimlər ifşa olunacaq və hansı həqiqətlər üzə çıxacaq. Onda çox şey aydınlaşacaq. Hələlik isə bir şeyi unutmayın: zaman hər şeyi öz yerinə qoyur.

Xəbəriniz olsun, artıq Azərbaycanla hərb meydanında bacarmayan qüvvələr ideoloji müharibəyə başlayıblar. Məqsəd nədir? İctimai rəyi qarışdırmaq, insanları bir-birinə qarşı qoymaq, həqiqətlə yalanın sərhədini itirmək, at izi ilə it izini bir-birinə qatmaq və yaranmış xaosdan öz maraqları naminə istifadə etmək!

Belə müharibədə silah başqa olur: dezinformasiya, dini həssaslıqlardan sui-istifadə, saxta ittihamlar, emosional təxribatlar və cəmiyyət daxilində qarşıdurma yaratmaq cəhdləri. Hədəf isə dəyişmir — dövlətə olan inamı sarsıtmaq, milli birliyi zəiflətmək, Azərbaycanın müstəqil qərarlarına təsir göstərmək.

Amma bir şeyi hesaba almırlar: Azərbaycan dövlətinin və dövlətçiliyimizin dəyərini bu xalq hər kəsdən yaxşı bilir!

Bir dəfə Qazaxıstanda bir uyğurla söhbət edirdim. Söhbət əsnasında mənə elə bir fikir dedi ki, bu gün də yadımdan çıxmır:

“Siz çox xoşbəxt xalqsınız ki, dövlətiniz var”.

Bu sözlərdə nə qədər böyük həqiqət olduğunu bəzən özümüz də lazımınca dərk etmirik. Uyğurların böyük bir xalq olmasına baxmayaraq, onların milli kimliklərini, dillərini və mədəniyyətlərini qorumaq uğrunda üzləşdikləri çətinliklər hər kəsə məlumdur. Çin hakimiyyətinin Sincan-Uyğur bölgəsindəki siyasəti ilə bağlı beynəlxalq narahatlıqlar da illərdir davam edir.

Bəs öz dilində təhsil almaq, ana dilində məktəb açmaq, milli kimliyini azad şəkildə yaşatmaq imkanlarından məhrum olan xalqların taleyi bizə nə deyir? Dövlətçiliyin, müstəqilliyin, suverenliyin necə böyük nemət olduğunu!

İranın cənubunda yaşayan azərbaycanlıların da ana dilində təhsil və milli-mədəni hüquqları ilə bağlı uzun illərdir müzakirələr və narahatlıqlar mövcuddur. Öz dilində məktəb açmaq, ana dilində oxuyub-yazmaq hər bir xalqın təbii haqqıdır. Bu hüququn məhdudlaşdırılması isə milli kimliyin qorunması məsələsini daha da həssas edir.

Biz isə müstəqil dövlətə sahibik. Azərbaycan dilimiz, bayrağımız, ordumuz, Konstitusiyamız, beynəlxalq aləmdə tanınan sərhədlərimiz və öz taleyimizi müəyyənləşdirmək hüququmuz var. Bu, bizə göydən düşməyib. Dövlətçiliyimiz ağır sınaqlardan, böyük itkilərdən, şəhidlərimizin qanından və xalqımızın mübarizəsindən keçərək bu günə gəlib çatıb.

Dövlətçilik bizim ən böyük sərvətimizdir! Onu qorumaq yalnız ordunun, təhlükəsizlik orqanlarının və dövlət qurumlarının işi deyil. Bu, hər bir vətəndaşın məsuliyyətidir.

Bu o demək deyil ki, dövlətin siyasətini tənqid etmək olmaz. Əksinə, sağlam tənqid və açıq müzakirə cəmiyyətin inkişafı üçün vacibdir. Ancaq tənqidlə təxribatı, səmimi narahatlıqla məqsədli manipulyasiyanı bir-birindən ayırmağı bacarmalıyıq.

Xüsusilə dini, milli və siyasi həssaslıqlar üzərindən cəmiyyəti parçalamağa çalışan iddialara qarşı ayıq olmalıyıq. Hər yayılan məlumata inanmamalı, hər ittihamı həqiqət kimi qəbul etməməliyik. Faktları tələb etməli, rəsmi məlumatları gözləməli və məsələni emosiyadan çox sağlam düşüncə ilə qiymətləndirməliyik.

Əgər dövlətin müvafiq qurumlarının açıqlayacağı məlumatlar hər hansı gizli planı və ya məqsədli müdaxiləni təsdiqləsə, onda hər kəs nəticə çıxaracaq. Ancaq həmin vaxta qədər də əsas prinsip dəyişməməlidir: dövlətimizin suverenliyi, milli birliyimiz və müstəqilliyimiz müzakirə predmeti deyil, qorunmalı olan ali dəyərlərimizdir.

Bir daha deyirəm: dövlətimizin qədrini bilək! Çünki dövlətini itirən xalq təkcə torpağını deyil, bəzən dilini, kimliyini və gələcəyini də qorumaq üçün ağır mübarizəyə məcbur qalır.

Allah dövlətimizi, millətimizi və müstəqilliyimizi qorusun!

Fadil Paşayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*