Düşündüklərini açıq dedi, özünü kahin elan etdi: Mask müsəlmanlara qarşı hansı mesajı verdi?backend

Düşündüklərini açıq dedi, özünü kahin elan etdi: Mask müsəlmanlara qarşı hansı mesajı verdi?

Dünyanın ən varlı adamı İlon Mask The Economist jurnalına verdiyi 90 dəqiqəlik müsahibədə süni intellektin insan zəkasını üstələyəcəyi, robotların işləməyi lazımsız edəcəyi və pulun əvvəlki əhəmiyyətini itirəcəyi gələcəkdən danışıb. Lakin onun bu texnoloji utopiyasında hər kəsə yer olmadığı da görünür. Mask Böyük Britaniyanın müsəlman miqrasiyası səbəbindən gələcəkdə vətəndaş qarşıdurmasına sürüklənəcəyini iddia edib və Avropadakı ifrat sağ hərəkatları “adi insanlar” kimi xarakterizə edib.

Mask özünü sanki qədim yunan mifologiyasındakı gələcəyi görən Kassandra ilə müqayisə edir. O hesab edir ki, insanlar onun dediklərinin gerçəkləşəcəyini hələ anlamırlar.

Onun sözlərinə görə:

yaxın 5 ildə süni intellekt bütün insanların ümumi zəka səviyyəsini ötə bilər;

10 il ərzində robotlar fiziki və rəqəmsal işlərin böyük hissəsini öz üzərinə götürə bilər;

istehsalın artması nəticəsində pul əvvəlki əhəmiyyətini itirər və işləmək məcburiyyət deyil, seçimə çevrilər.

Məqalədə qeyd olunur ki, Mask ABŞ üçün texnologiya ilə zəngin bir gələcək təsvir etdiyi halda, Böyük Britaniya üçün tam fərqli ssenari cızır. O, ölkəyə Qərb dəyərlərinə zidd düşüncələrə malik insanların axınının davam etməsinin gələcəkdə daxili qarşıdurmaya səbəb ola biləcəyini iddia edir.

“The Economist” jurnalının baş redaktoru Zanni Minton Beddoes Maskdan müsəlmanlara qarşı qərəzli olub-olmadığını soruşduqda, o birbaşa “xeyr” deməyib və belə cavab verib:

 “Mən zorakılığa və qətllərə qarşıyam. Qərbdə qəbul etdiyimiz dəyərlərlə ziddiyyət təşkil edən qayda və qanunların tətbiqinə qarşıyam. Ənənəvi medianın bunu görməməsi isə utancvericidir.”

Məqalə müəllifi hesab edir ki, bu yanaşma müsəlman miqrasiyasını cinayət və ictimai təhlükə ilə əlaqələndirir və bunun sadəcə miqrasiya siyasətinə tənqid deyil, daha geniş mənada müsəlmanlara qarşı mənfi stereotipləri gücləndirən ritorika olduğunu irəli sürür. Müəllif həmçinin Maskın ifrat sağ hərəkatları “normal insanlar” kimi təqdim etməsini də tənqid edir.

Yazıda daha sonra qeyd olunur ki, Mask uzun illərdir dünya əhalisinin azalmasını böyük təhlükə hesab etdiyini desə də, müsahibəsində müsəlmanların və miqrantların artan sayını Qərb üçün təhlükə kimi təqdim etməsi ziddiyyət yaradır. Məqalə müəllifi bu mövqeni sərt şəkildə tənqid edir və Maskın çıxışlarının getdikcə daha radikal xarakter aldığını iddia edir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*