ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir.
Fevral ayından sonra ilk dəfə üçtərəfli formatda baş tutacaq görüşdə tərəflərin hansı məsələlər üzrə razılığa gələ biləcəyi və bunun münaqişənin həllinə nə dərəcədə təsir göstərəcəyi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, danışıqların iki mərhələli şəkildə aparılması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hazırkı mərhələdə əsas məqsəd hərbi əməliyyatların dayandırılması və tərəflər arasında müəyyən etimad mühitinin yaradılmasıdır.
![]()
“İlkin razılaşma üçün bir neçə mühüm istiqamət üzrə ortaq mövqenin formalaşması vacibdir. Bunlara ağır silahların geri çəkilməsi, enerji infrastrukturu obyektlərinə hücumların dayandırılması və zədələnmiş obyektlərin bərpası daxildir.
Növbəti mərhələdə ümumi hərbi toqquşmaların dayandırılması və ərazi mübadiləsi məsələləri də mümkün həll variantları sırasında müzakirə oluna bilər. Lakin bu istiqamətdə tərəflərin üzərinə ciddi öhdəliklər düşür”.
Siyasi şərhçi vurğulayıb ki, Əbu-Dabi görüşünün nəticələrini indidən proqnozlaşdırmaq çətindir.
“Çünki Rusiya-Ukrayna münaqişəsi uzun və mürəkkəb siyasi-diplomatik proseslərdən keçib. İstanbul formatında aparılan danışıqların da mövcudluğunu nəzərə alsaq, yeni görüşlərin hansı praktiki nəticələr verəcəyini zaman göstərəcək”.
Ekspertin qənaətinə görə, bütün çətinliklərə baxmayaraq, hazırkı danışıqlar əvvəlki cəhdlərlə müqayisədə tərəflər arasında etimadın formalaşması və müəyyən nəticələrin əldə olunması baxımından daha ümidverici görünür.
Aynurə İsmayıl
KONKRET.az
