ABŞ Prezidenti Donald Tramp İsrailin mövcudluğunu Amerikanın hərbi və siyasi dəstəyi ilə əlaqələndirib. O, eyni zamanda İranla müharibə çərçivəsində Vaşinqtonun müdafiə etdiyi ölkələrdən ABŞ-ın hərbi əməliyyatlara çəkdiyi bütün xərcləri geri ödəmələrini tələb edəcəyini bildirib.
Trampın sözlərinə görə, Amerika Birləşmiş Ştatları müdafiə etdiyi ölkələrin təhlükəsizliyi üçün böyük maliyyə vəsaiti xərcləyir və bu dövlətlər həmin xərcləri tam şəkildə kompensasiya etməlidirlər.
ABŞ prezidenti çıxışında bu fikirləri xüsusi vurğulayıb:
“Bütün bunlar başa çatdıqdan sonra müdafiə etdiyimiz ölkələr müharibə zamanı çəkdiyimiz bütün xərcləri, istisnasız olaraq, bizə ödəyəcəklər. Biz xərclədiyimiz bütün pulları geri alacağıq. Mən onlara bunu demişəm və onlar ödəyəcəklər. Buna heç bir şübhəm yoxdur. Çünki biz olmasaydıq, onlar mövcud olmazdılar. Biz olmasaydıq, İsrail də mövcud olmazdı.
İcazə verin, bunu izah edim: Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı. Çünki bir ildən bir qədər əvvəl biz həmin möhtəşəm B-2 bombardmançılarını havaya qaldıraraq üç obyektə zərbələr endirdik”.
Trampın bu açıqlaması ABŞ-ın müttəfiqləri ilə münasibətlərində hərbi təhlükəsizlik və maliyyə məsuliyyətinin yenidən gündəmə gətirildiyini göstərir. Onun mövqeyi Vaşinqtonun müdafiə etdiyi ölkələrdən təhlükəsizlik xərclərinin daha böyük hissəsini öz üzərinə götürməsini tələb edən siyasətinin davamı kimi qiymətləndirilə bilər.
Natiq Səlim,
KONKRET.az
