Ədalətin QİYMƏTİ: Hökmdar qızını xilas etmək üçün özünü ölümün pəncəsinə atdıbackend

Ədalətin QİYMƏTİ: Hökmdar qızını xilas etmək üçün özünü ölümün pəncəsinə atdı

Şərtsiz məhəbbətlə sərt ədalət arasındakı incə xətt haradan keçir?

Biz çox vaxt mərhəməti başqasının səhvinə göz yummaq, onun yanlış davranışını görməzdən gəlmək və heç nə olmamış kimi davranmaq kimi başa düşürük. Halbuki həqiqi bağışlamağın mahiyyəti bundan daha dərindir. Bəzən bağışlamaq günahı unutmaq deyil, onun bütün ağırlığını öz üzərinə götürmək deməkdir.

Bu yaxınlarda bir padşah və onun qızı haqqında qədim bir hekayə ilə qarşılaşdım. Bu əhvalat məhəbbətin, ədalətin, məsuliyyətin və fədakarlığın mahiyyəti barədə düşündürür.

Rəvayətə görə, uzaq bir krallıqda xalqın böyük hörmət bəslədiyi, müdrikliyi və ədaləti ilə tanınan bir hökmdar yaşayırdı. O, ölkəsini yalnız güclü iradəsi ilə deyil, qanunlara sadiqliyi ilə də idarə edirdi.

Bir gün krallıqda ciddi problem yarandı: xəzinədən pullar oğurlanmağa başladı. Oğurluqların qarşısını almaq və ölkədə qayda-qanunu qorumaq üçün padşah fərman verdi. Həmin fərmana əsasən, oğurluq edən hər kəs on qamçı zərbəsi ilə cəzalandırılmalı idi.

Lakin bu cəza da oğurluqların qarşısını ala bilmədi. Hökmdar əvvəlcə cəzanı iyirmi, sonra otuz zərbəyə qədər artırdı. Buna baxmayaraq, oğurluq davam edirdi. Nəhayət, padşah ağır qərar qəbul etdi: bundan sonra oğurluq edən hər kəs qırx qamçı zərbəsi alacaqdı. Həmin dövrün şərtlərində bu, demək olar ki, ölüm hökmü idi.

Bir müddət sonra oğru tutuldu. Lakin cinayətkarın kimliyi üzə çıxanda bütün krallıq sarsıldı. Oğurluğu törədən şəxs padşahın öz doğma, hər kəsdən çox sevdiyi qızı idi.

Hökmdar çətin seçim qarşısında qalmışdı. Qızını bağışlayıb qanunu pozsa, illərlə qoruduğu ədalət prinsipləri sarsılacaq, xalqın qanunlara inamı itəcəkdi. Hökmü icra etsə isə öz əli ilə sevimli övladının ölümünə səbəb olacaqdı.

Uzun müddət susan padşah nəhayət qərarını açıqladı:

– Qanun hamı üçün eynidir. Hökm icra olunmalıdır!

Təyin olunmuş gün krallığın əsas meydanına böyük izdiham toplaşdı. Padşahın qızını cəza meydanına gətirdilər. Onu diz çökdürdülər, kürəyindəki paltarı çıxardılar. Cəllad qamçını qaldıraraq ilk zərbəni vurmağa hazırlaşdı.

Elə həmin an meydanı yarıb keçən bir səs eşidildi:

– Dayan!

Bu, padşahın səsi idi.

Hökmdar ağır addımlarla səhnəyə qalxdı. Əvvəlcə üzərindəki padşah libasını, sonra köynəyini çıxardı. Daha sonra qızına yaxınlaşaraq onun qarşısında əyildi və öz bədəni ilə övladının kürəyini örtdü.

Təəccübdən donub qalmış cəllada baxaraq sakitcə əmr etdi:

– İndi vur!

Cəllad tərəddüd etdi. Lakin padşah hökmün icra olunmasında israr etdi.

Qırx zərbənin hamısı padşahın kürəyinə endi. O, qızının törətdiyi əməlin cəzasını öz üzərinə götürdü. Qanunun tələb etdiyi cəza icra olundu, lakin onun ağrısını günahkar deyil, onu sevən insan çəkdi.

Beləliklə, qızı sağ qaldı, padşah isə öz övladını xilas etmək üçün ağır əzaba qatlaşdı.

Bu hekayənin əsas mesajı olduqca düşündürücüdür: ədalət günahı görməzdən gəlməyə, məhəbbət isə bəzən günahkarı cəzanın qarşısında tək qoymamağa çağırır.

Əsl sevgi insanın səhvini inkar etmək deyil. Onun məsuliyyətini dərk etmək, lakin həmin səhvin nəticələri qarşısında onu tək buraxmamaqdır. Mərhəmət qanunu ləğv etmək deyil, bəzən onun bütün ağırlığını öz üzərinə götürmək cəsarətidir.

Bəlkə də bağışlamağın ən ali mənası elə budur: sevdiyin insanın səhvini unutmaq yox, onun səhvinin bədəlini ödəməyə hazır olmaq.

Çünki həqiqi məhəbbət bəzən sevdiyini cəzadan xilas etmək üçün özünü onunla cəza arasında sipərə çevirməkdir.

Qeyd: “Ester Artakserksin qarşısında” əsəri.

Rəssam: Qverçino (Covanni Françesko Barbieri), 1639-cu il. Miçiqan Universitetinin İncəsənət Muzeyi, ABŞ.

Müəllif: İnna Zaslavski
Təqdim etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*