Son illər Azərbaycanda saxta və mənşəyi bilinməyən qida məhsullarının dövriyyəsi ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə, yüksək tələbat olan spirtli içkilər, bal, qara kürü və kənd toyuğu həm istehlakçıların sağlamlığı üçün risk yaradır, həm də onları maddi ziyana salır.
Bu məhsulların saxta olduğunu istehlakçılar necə müəyyən edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov deyib ki, saxtalaşdırma yalnız bu məhsullarla məhdudlaşmır. Onun sözlərinə görə, istehlakçılar ilk növbədə məhsulun qiymətinə və mənşəyinə diqqət yetirməlidirlər:

İlkin Şirinov
“İnsanlar ucuz məhsul alanda qənaət etdiklərini düşünürlər. Halbuki istehlakçı üçün ən vacib məsələ məhsulun təhlükəsizliyi və keyfiyyətidir. Qiyməti bazar dəyərindən xeyli aşağı olan məhsullara şübhə ilə yanaşmaq lazımdır.
Spirtli içkilərin üzərində aksiz markasının və düzgün markalanmanın olmaması, eləcə də qeyri-real ucuz qiymət həmin məhsulun saxta və ya sağlamlıq üçün təhlükəli ola biləcəyindən xəbər verir.
Belə məhsulların açıq bazarlarda satışı məhdudlaşdırılıb və mütəmadi yoxlamalar aparılır. Buna baxmayaraq, bəzi şəxslər müxtəlif yollarla onları istehlakçılara təqdim etməyə çalışırlar. Bu isə insanların sağlamlığını ciddi risk altında qoyur”, – deyə o, vurğulayıb.
Balın keyfiyyətinin ev şəraitində yoxlanılması ilə bağlı yayılan fikirlərə də münasibət bildirən İ.Şirinov qeyd edib ki, balın uzanması, əllə sürtülməsi və ya digər məişət üsulları onun təbii olub-olmadığını müəyyən etmək üçün etibarlı meyar deyil. Onun sözlərinə görə, balın keyfiyyətini təsdiqləyən əsas göstərici laborator analizlər və müvafiq sertifikatlardır.
Ekspert əlavə edib ki, ən çox saxtalaşdırılan məhsullardan biri də qara kürüdür.
“Bankası 20 manata satılan qara kürü reallıqdan uzaqdır. Nərə balıqlarının kürü tökmə mövsümü və ovlanma ilə bağlı qadağalar mövcuddur. Buna görə də təbii qara kürünün maya dəyəri yüksək olur. Təəssüf ki, bəzi hallarda saxta kürülər xüsusilə şadlıq və banket məkanlarında təbii məhsul kimi təqdim edilir”, – deyə o, bildirib.
İ.Şirinov kənd toyuğunun da tez-tez saxtalaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, kənd toyuğu ilə broyler toyuğunu ən rahat şəkildə bişirildikdən sonra fərqləndirmək mümkündür.
“Kənd toyuğunun əti daha cod olur, rəngi, qoxusu və dadı broyler toyuğundan fərqlənir. Broyler isə daha tez bişir və əti daha yumşaq olur. Ən etibarlı yol məhsulu etibar edilən təsərrüfatlardan almaq və baytarlıq nəzarətindən keçmiş məhsullara üstünlük verməkdir”.
Aynurə İsmayıl
KONKRET.az
