Elçin Mirzəbəyli: “İnformasiya sektorunda kifayət qədər təhlükə var”backend

Elçin Mirzəbəyli: "İnformasiya sektorunda kifayət qədər təhlükə var"

“Fikir, söz və mətbuat azadlığı fundamental azadlıqlardandır. Azərbaycan Respublikasının Konstitusiyasında yer alan əsas prinsiplər hesab olunur”.

KONKRET.az ilə dialoq zamanı bunları deyən əməkdar jurnalist, şair, siyasi ekspert Elçin Mirzəbəyli uzun illərdir ki, bu istiqamətdə dövlət siyasətinin davam etdirildiyini bildirib.

Elçin Mirzəbəyli 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edildiyini, bununla da vətəndaşların söz, fikir və məlumat azadlığının qorunması, inkişaf etdirilməsi istiqamətində ciddi addımların atıldığını bildirib. Son illər isə bu prosesin həm hüquqi müstəvidə, həm də bütövlükdə dövlətin yürütdüyü siyasətin ana xətti kimi inkişaf etdiyinin şahidiyik:

“Medianın inkişafı sahəsində müvafiq addımlar atılır, dəstək verilir, hüquqi bazanın yaradılması istiqamətində işlər görülür. Bu aspektdə xüsusi olaraq bir məqamı da qeyd etmək istəyirəm ki, fikir, söz və məlumat azadlığı deyiləndə bəzi hallarda nədənsə media və sosial şəbəkə istifadəçiləri yada düşür. Amma bu çox geniş anlayışdır. Dövlət vətəndaşların konstitusion hüquqlarına zəmanət verən əsas təsisat kimi onların hansı sahədə çalışmasından asılı olmayaraq bütün fundamental hüquqlarının qorunmasına çalışmalıdır. Azərbaycan dövlətinin yürütdüyü siyasət də, məhz bu istiqamətdə həyata keçirilir”.

Yəni bir media strukturunun hüquq və azadlıqları digər vətəndaşların hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmamalıdır. Nəticə etibarı ilə sözügedən azadlıqların sərhədləri də ciddi mühafizə olunmalıdır. Azərbaycan dövlətinin təməl prinsipində bütün vətəndaşların fikir, söz və məlumat azadlıqlarının qorunması prioritet kimi götürülür:

“Bu amil Media haqqında qanunda da öz əksini tapıb. Bəlli olduğu kimi həm media sahəsində həyata keçirilən islahatların təməl prinsipi də Azərbaycan vətəndaşının hüquqlarının qorunmasından ibarətdir.

İndiki şəraitdə, xüsusilə də informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə informasiya sektorunda kifayət qədər təhlükə var. Təhdidlərin sayı artıb. Belə olan halda dövlət özünü tənzimləmə mexanizmlərinin gücləndirilməsinə daha çox cəhd göstərir. Hüquqi tənzimləmərin daha çox arxa planda dayanmasını təmin edir. Bu istiqamətdə atılan addımlara nəzər salsaq, məsələn, Mətbuat Şurasının son qurultayının şəffaf şəraitdə keçməsi, medianın informasiya sektorunun bütün spektrlarının təsisatda təmin olunması, həmçinin müvafiq dövlət qurumu olan Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası arasında imzalanan müqavilədə özünü tənzimləmə mexanizmlərinin ön plana çıxarılması üçün müvafiq müddəaların yer alması həm də Azərbaycan dövlətinin iradəsi kimi qəbul olunmalıdır”.

Elçin Mirzəbəyli düşünür ki, Azərbaycan bir çox sahələrdə innovativ yeniliklər edir və nümunələr yaradır.

Anar Rəhimov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*