Elçin Quliyevin sözünü deyən kimdir?backend

Elçin Quliyevin sözünü deyən kimdir?

Vətən müharibəsində olduğu kimi, şanlı zəfərdən sonra da sosial şəbəkələrdə müəyyən dezinformasiyalar, yanlış məlumatlar yayılır. Sözsüz ki, belə durumda ictimaiyyətin mətbuatdan gözləntiləri böyükdür. Yalnız media orqanları araşdırmalar, rəsmi sorğular nəticəsində bu dezinformasiyaların qarşısını ala bilər.

KONKRET.az xəbər verir ki, bu, heç də hər zaman alınmır. Düzdür, demək olar ki, əksər dövlət qurumları qısa müddət ərzində mətbuatın onlara göndərdiyi sorğuları cavablayırlar. Amma məsələyə laqeyd yanaşanlar da var. Bu siyahıya Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin başçılıq etdiyini desək, heç də yanılmarıq.

Təəssüflər olsun ki, belə həssas məqamda DSX-nin mətbuat üzrə rəsmisini tapmaq səhrada su tapmaq qədər çətin, hətta mümkünsüzdür.

Misal olaraq, cari il fevralın 26-da Qubadlıda DSX-nin 4 hərbçisi minaya düşüb. Onlardan ikisi ağır yaralanıb. Ağır yaralılardan birinin bir, digərinin isə iki ayağı amputasiya olunub. Və yenə təəssüflə qeyd etməliyik ki, məlumatı DSX-dən dəqiqləşdirmək, ən azından belə hadisənin olub-olmadığına dair suala cavab tapmaq mümkünsüz olub.

Son günlərdə DSX-də hərbi xidmət keçən daha bir əsgər – İsmayılov Əlinin şəhid olması ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb. Əsgərimizin dəfn mərasimindən fotolar da var. Bəzi sosial şəbəkə istifadəçiləri iddia edir ki, əsgərimiz erməni snayperinin açdığı atəş nəticəsində şəhid olub. Məsələ ilə bağlı DSX-dən məlumat əldə etməyə çalışsaq da, bir həftədir ki, bu mümkün olmayıb. General-polkovnik Elçin Quliyevin rəhbəri olduğu qurumun mətbuat sözçüsü media ilə qarşısına böyük bir sədd çəkib desək, yəqin ki, yanılmarıq.

DSX-nin mətbuat şöbəsinin belə məsuliyyətsizliyi, susqunluğu və əlçatan olmaması dezinformasiyaların daha da geniş yayılması ilə nəticələnir. Hadisə ilə bağlı rəsmi cavab olmadığı üçün müəyyən fərziyyələr hələ də yayılmaqda davam edir.

Maraq üçün bildirək ki, DSX-nin mətbuat katibi Maya Şərifovadır. Amma “Maya xanımla necə əlaqə yaratmaq lazımdır?” sualının cavabı da hamı üçün maraqlıdır.

DSX bu məsələdə Müdafiə Nazirliyindən nümunə götürsə, yaxşı olar. Hər halda MN-nin mətbuat şöbəsinin əməkdaşları ilə günün istənilən saatında, hətta gecə də əlaqə saxlayıb hansısa məsələyə münasibət öyrənmək olur. DSX-nin isə susqunluğunun nə vaxta qədər davam edəcəyini heç Vanqa da bilmir. Yaxşı olardı ki, Elçin Quliyev Şuşada sərhəd zastavası açmaqla bağlı fikrə düşməzdən əvvəl, bu problemin həllinə çalışardı. Mətbuat da bilərdi ki, Elçin Quliyevin sözçüsü, onun sözünü deyən var…

Qafqazinfo.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*