Elektron kitablar sürətlə yayılır: Bəs kitabxanaların aqibəti necə olacaq?backend

Elektron kitablar sürətlə yayılır: Bəs kitabxanaların aqibəti necə olacaq?

Rəqəmsal texnologiyaların sürətli inkişafı insanların kitab oxuma vərdişlərinə də təsir göstərib. Son illərdə elektron kitablara maraq əhəmiyyətli dərəcədə artıb, ənənəvi kitabxanalara üz tutanların sayı isə əvvəlki illərlə müqayisədə azalıb. Bu tendensiya kağız kitabların və kitabxanaların gələcəyi ilə bağlı müxtəlif müzakirələrə səbəb olur.

Bəs elektron kitabların populyarlaşması yaxın illərdə ənənəvi kitabxanaların fəaliyyətinə son qoya bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, rəqəmsallaşma dövründə kitabxanaların da müasir texnologiyalara uyğunlaşması zəruridir və bu proses oxucular üçün mühüm üstünlüklər yaradır.

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev... | AzEdu.az

Ekspertin sözlərinə görə, elektron kitabxanaların əsas üstünlüyü oxucuların istənilən yerdən, hətta evdən çıxmadan belə, kitabları elektron formatda əldə edə bilməsidir.

“Hazırda kitabxana sahəsində çalışan əməkdaşların sertifikatlaşdırılması zamanı informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərə xüsusi diqqət yetirilir. Məqsəd kitabxanaçıların kompüter bacarıqlarını artırmaq və onların rəqəmsal mühitdə daha səmərəli fəaliyyət göstərməsini təmin etməkdir. Elektron kitabxanaların yaradılması müsbət haldır. Beynəlxalq təcrübədə də elektron kitabxanalardan istifadə daha geniş yayılıb”, – deyə o bildirib.

Ramin Nurəliyev qeyd edib ki, elektron kitabların eyni vaxtda daha çox oxucu üçün əlçatan olması onların ən mühüm üstünlüklərindən biridir. Bu, həm vaxta qənaət etməyə, həm də kitablara çıxışı asanlaşdırmağa imkan verir.

Ekspert hesab edir ki, elektron kitabxanaların inkişafı ənənəvi kitabxanaların fəaliyyətini dayandıracağı anlamına gəlmir.

“Elektron kitabxanalar inkişaf etdikcə mövcud kitabxanalar bağlanmayacaq. Əksinə, onlar öz bazalarında elektron kitabxana sistemləri formalaşdıracaqlar. Bu isə ənənəvi kitabxanaların fəaliyyətinin dayandırılması demək deyil. Oxucu hansı formatda kitab oxuyacağına özü qərar verəcək”, – deyə o vurğulayıb.

Ramin Nurəliyevin sözlərinə görə, bütün kitabların qısa müddətdə elektron formata keçirilməsi mümkün deyil və bu, uzunmüddətli prosesdir.

“Hazırda bütün kitablar elektron formatda mövcud deyil. Oxucu axtardığı kitabın elektron versiyasını tapa bilmədikdə yenə də kitabxanaya üz tutacaq. Buna görə də kitabxanalar uzun illər fəaliyyətini davam etdirəcək. Sadəcə, gələcəkdə elektron kitabxanalardan istifadə daha geniş yayılacaq”, – deyə ekspert fikrini tamamlayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*