Son zamanlar çap və elektron mediadan hansının daha çox lazım olduğu, daha çox tələblərə cavab verdiyi, dövrümüzlə ayaqlaşdığı barədə fikir mübadilələri aparılır və

mövqelərdə az qalır uçurum yaransın. Həqiqətənmi çap və elektron mətbuat bir-birinə rəqibdirlər? Yaxud, informasiyanın çatdırılması baxımından seçim qarşısında qalmışıq, məlumatı hansı informasiya vasitəsindən daha tez əldə edə biləcəyimiz barədə baş sındırırıq? Əlbəttə, baş vermiş bir hadisə barədə məlumat əldə etmək istəsək buna görə saytlardan əvvəl “sosial şəbəkə” adlı KİV-ə müraciət etməli olacağıq. Razıyam, sosial şəbəkə xəbərləri yanlış ola bilər, amma doğru olanlar da az deyil. Belə olan halda informasiyanın ötürülməsi, yaxud çatdırılması sürəti baxımından KİV-ləri bu ardıcıllıqla sıralamaq olar: sosial şəbəkələr, saytlar, televiziyalar və sonda qəzetlər. Hələ jurnal və kitabları demirəm, onlar da KİV olmağa çoxdan iddialıdırlar.
Burada söhbət bir xəbərin tirajlanmağından gedir. Məsələn, “Əli vurdu Vəlinin başnı yardı”, bu xəbər, məlumdur ki, daha tez elektron mediada dərc ediləcək. Elektron KİV-lərin çevik olduğunu düşünənlər qəzetlərin artıq tarixin arxivinə atılmalı olduğunu deyəcəklər. Amma bu heç də düşündüyünüz kimi deyil. Nə qədər ki, hər informasiya vasitəsi öz profilinə uyğun fəaliyyət sərgiləməyəcək, bu söz-söhbət də səngiməyəcək. Elektron KİV-lər yalnız öz “qohum” resursarı ilə, qəzetlər də yalnız qəzetlərlə rəqabət apara bilərlər. Əgər, qəzetlərdə dərc olunanlar saytların təkrarıdırsa, yaxud saytlarda dərc olunan yazıların eynisidirsə, onda hesab edin ki, qəzetlər elektron mediaya çoxdan uduzub. Yox qəzetlərdə dərc olunan məqalələr, analitik yazılar, xəbərlər, rəylər heç bir KİV-də dərc olunmayıbsa o qəzetin oxucuları heç bir vaxt tükənməyəcək.
Oxuyub bitirdiyimiz kitabları nə üçün kitabxanamızda saxlayırıq? Bitirmişiksə, deməli bizə lazım deyil, atmalıyıq, eləmi? Amma, onu dəfələrlə oxuyuruq, hətta başqalarına da veririk. Qəzetlərdə gedən məqalələrin informasiya yükü olmadıqca, yaxud təkrarçılıq olduqca həmin qəzetlər oxunmayacaq. Qəzetlərdə dərc olunan yazı və məqalələr qəzet mətbəədən çıxmamış eyni zamanda həmin qəzetin elektron versiyasına yerləşdirilirsə o qəzet mətbəədə mürəkkəbi qurumamış köhnə sayılacaq.
Hər KİV-in öz yazısı, öz məqaləsi, öz adı olmalıdır. Onda nə qəzet KİV olmaqdan çıxar, köhnəlmiş sayılar, nə də elektron media mətbuat arenasında “at oynadar”. Hər KİV-in öz yeri var.
