Əliyev Şuşadan dünyaya strateji mesaj verdi: Azərbaycanın regional liderliyi və qlobal güc iddiası…backend

Əliyev Şuşadan dünyaya strateji mesaj verdi: Azərbaycanın regional liderliyi və qlobal güc iddiası...

Prezident İlham Əliyevin “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində etdiyi çıxış dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrildi. Çünki dövlət başçısı çıxışında bir çox vacib məqamlara toxundu. Azərbaycan lideri bəzi məsələlərlə bağlı ölkəmizin sərt mövqeyini bir daha nümayiş etdirdi. Xüsusilə, Avropa Şurası ilə bağlı qətiyyətli mövqeyimizi sərgilədi. Bu, çox yerində edilən çıxış və verilən bəyanat idi. Çünki Avropa Şurası Vətən Müharibəsindən sonra Azərbaycana qarşı qərəzli mövqeyini daha intensiv şəkildə nümayiş etdirməyə başlayıb. Dövlət başçısı təhlükəsizlik məsələləri ilə bağlı da çox önəmli və diqqətçəkən açıqlamalar səsləndirdi. 

Müşviq Tofiqoğlu

Şuşada keçirilən IV Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasəti, regional təhlükəsizlik, enerji, Avropa və ABŞ ilə münasibətlər, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə geniş mesajlar verdi. Dövlət başçısının çıxışı həm region, həm də qlobal geosiyasətlə bağlı Azərbaycanın mövqeyini əks etdirən mühüm siyasi bəyanatlarla yadda qaldı.

Prezident bildirdi ki, Azərbaycanın tranzit və logistika mərkəzinə çevrilməsi ilk növbədə qonşu ölkələrlə qurulan etibarlı münasibətlər sayəsində mümkün olub. Ölkə başçısının sözlərinə görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində çoxtərəfli əməkdaşlıq formalaşdıraraq Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilib.

İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini dünyada analoqu olmayan strateji tərəfdaşlıq modeli kimi qiymətləndirib. O vurğulayıb ki, Şuşa Bəyannaməsi ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib və iki ölkə təhlükəsizlik məsələlərində də bir-birinə tam dəstək verir.

Çıxışın ən diqqətçəkən məqamlarından biri Azərbaycanın Avropa Şurasından tam çıxmasını nəzərdən keçirməsi ilə bağlı bəyanat olub. Prezident bildirib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması siyasi qərardır və bu addım aradan qaldırılmasa, Bakı təşkilatı tərk etmə variantını ciddi şəkildə qiymətləndirəcək. Onun sözlərinə görə, Azərbaycan belə bir qərar qəbul etsə, ölkə üçün ciddi dəyişiklik baş verməyəcək.

Dövlət başçısı ABŞ-la münasibətlərə də toxunaraq, “907-ci düzəliş”in ləğv edilməsinin vacibliyini vurğulayıb. İlham Əliyev bu düzəlişi ermənipərəst dairələrin təşəbbüsü adlandıraraq bildirib ki, Azərbaycan artıq Ermənistanla münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atıb və bu məhdudiyyət tamamilə köhnəlib.

Prezident Donald Tramp haqqında da müsbət fikirlər səsləndirib. O, Trampı “sülhsevər və sülh gətirə biləcək lider” adlandıraraq, ABŞ liderinin Azərbaycan-Ermənistan sülh prosesində mühüm rol oynadığını, həmçinin dünyanın müxtəlif bölgələrində münaqişələrin dayandırılması istiqamətində fəaliyyət göstərdiyini deyib.

Avropa İttifaqı ilə münasibətlərdən danışan İlham Əliyev qeyd edib ki, Josep Borrellin fəaliyyəti dövründə əlaqələr ciddi şəkildə pisləşsə də, yeni Avropa rəhbərliyi ilə münasibətlər yenidən normallaşmağa başlayıb. O bildirib ki, son aylarda Brüsselin yüksək səviyyəli rəsmilərinin Bakıya ardıcıl səfərləri əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Enerji təhlükəsizliyi məsələsində Prezident Azərbaycanın Avropaya qaz ixracını genişləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu ildən Almaniya və Avstriyaya qaz tədarükü başlanıb, hazırda isə digər Avropa ölkələri ilə də yeni müqavilələr üzrə danışıqlar aparılır. İlham Əliyev bildirib ki, 2032-ci ilə qədər ölkədə bərpa olunan enerji istehsalının 8 giqavata çatdırılması planlaşdırılır.

Regional təhlükəsizlik məsələlərinə toxunan dövlət başçısı ABŞ ilə İran arasında gərginliyin tezliklə başa çatacağına ümid etdiyini bildirib. Azərbaycanın həm şimalında, həm də cənubunda münaqişələrin davam etdiyini xatırladan Prezident regionda sabitliyin ölkənin milli təhlükəsizliyi üçün əsas prioritet olduğunu vurğulayıb.

Ukrayna müharibəsinə münasibətdə isə İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini bir daha diqqətə çatdıraraq, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. O qeyd edib ki, münaqişə ilə barışmaq olmaz və Azərbaycan həm humanitar, həm də siyasi baxımdan Ukraynaya dəstəyini davam etdirəcək.

Prezident çıxışında Fransa və Bakı Təşəbbüs Qrupu ətrafında yaranan müzakirələrə də toxunaraq, kolonializm və insan hüquqları mövzularında ikili standartların mövcud olduğunu bildirib. O, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin müsbət dinamika ilə inkişaf etdiyini və Bakının regional vasitəçi rolunun getdikcə gücləndiyini vurğulayıb.

Şuşa Qlobal Media Forumundakı çıxış ümumilikdə Azərbaycanın xarici siyasət kursu, enerji strategiyası, regional təhlükəsizlik, beynəlxalq təşkilatlarla münasibətlər və qlobal geosiyasi proseslərə yanaşması ilə bağlı geniş siyasi mesajlar kimi qiymətləndirilir.  Bütövlükdə götürəndə Şuşa Forumu Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. 54 ölkədən nümayəndələrin iştirak etdiyini və xüsusilə də tədbirin harada keçirildiyini nəzərə alsaq, bunu tarixi qlobal forum kimi təqdim edə bilərik. Çünki dünyanın diqqəti Azərbaycanın işğaldan azad etdiyi ərazinin üzərində cəmləşib və bunun özü də diplomatik qələbə kimi dəyərləndirilməlidir. Prezidentin forumda səsləndirdiyi fikirlər isə tarixi bir çıxış kimi yadda qaldı. Bəlli dairələr bu çıxışdan öz mesajlarını götürdülər. Bundan sonra onlar Azərbaycanla bağlı öz qərəzli mövqelərində düzəlişlər etməyə məcbur qalacaqlar, Xüsusilə, Avropa Şurasının ölkəmizlə bağlı mövqeyində yol verdiyi yanlışı düzəldəcəyi gözləniləndir. Prezidentin çıxışlarını ümumiləşdirsək, Azərbaycanın regional və qlobal gücə çevrildiyini deyə bilərik. Bir sözlə, Azərbaycanın Cənubi Qafqazda lider ölkəyə çevrildiyi və etibarlı tərəfdaş olduğu  forum iştirakçılarının nəzərinə ən yüksək səviyyədə çatdırıldı.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*