Azərbaycan ordusu artıq itki vermədən Şuşanın iki kəndini də nəzarətə götürüb. Həmçinin bəzi yüksəkliklər ordumuzun nəzarətinə keçib və demək olar ki, separatçıların bütün təminat yolları bağlanıb. Üstəlik, ordumuz Xankəndinin bir addımlığında dayanıb və şəhərə nəzarət demək olar ki, Azərbaycanın əlindədir. Belə bir məqamda bəzi analitiklər Azərbaycanın atdığı addımları taktiki gediş kimi qiymətləndirirlər və ordumuzun heç bir əməliyyat keçirmədən yaxın zamanlarda Xankəndiyə daxil olacağını vurğulayırlar. Bəs görəsən deyilənlər nə dərəcədə realdır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki mövcudluğuna son qoyulmasına 2 il vaxt qalıb: “Bu zaman kəsiyində regiondakı bütün proseslər tənzimlənərək başa çatdırılmalıdır. Azərbaycan hazırda suveren ərazilərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq addımlar atır. İndiki şəraitdə məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür. Ermənistanla Azərbaycan arasında baş verən 44 günlük müharibənin nəticəsinə uyğun olaraq əldə edilən razılaşmalar var. Bunların həyata keçirilməsi istiqamətində müvafiq addımların atılması zəruridir. Rəsmi Bakı Beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edir, özünün bütün əraziləri üzərində suveren hüquqlarının bərpasına çalışır”.

Politoloqun sözlərinə görə, indiki şəraitdə Azərbaycan ərazilərində yaşayan erməni sakinləri ilə bağlı iki real və həyata keçirilməsi mümkün olan proses mövcuddur: “Bunlardan biri Azərbaycan tərəfindən təklif edilən reinteqrasiya prosesidir. Bu proses nə qədər sürətlə getsə, həm bölgənin inkişafı, həm də erməni sakinlərinin təhlükəsizliyi tez bir zamanda təmin olunar. Eyni zamanda reinteqrasiya prosesinin tərkib hissəsi kimi azərbaycanlı məcburi köçkünlərin də hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə köçürülməsi baş tutmalıdır. Adətən diqqətdən qaçırılan və toxunulmayan bir önəmli məqam azərbaycanlı məcburi köçkünlərin öz evlərinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iştirakı ilə köçürülməsi məsələsidir. Bu prosesdə BMT-nin iştirakı hər hansı bir hüquqi əhəmiyyət kəsb etmir. Söhbət azərbaycanlılardan getdiyi üçün bu təminat məhz Azərbaycan dövlətinin üzərinə düşür. BMT Komissarlığı isə Qərbi azərbaycanlılar deportasiya edildikləri ərazilərə köçürüldükləri zaman prosesə cəlb oluna bilər. Yəni indiki şəraitdə bizim atdığımız bütün addımlar tamamilə legitimdir”.
Elçin Mirzəbəyli əlavə edib ki, ya reinteqrasiya baş tutmalı və qeyri-qanuni hərbi birləşmələr Azərbaycan ərazilərini tərk etməlidir, ya da orada yaşayan erməni sakinlərinin birbaşa iştirakı ilə Azərbaycan Konstitusiyasına, inzibati ərazi quruluşuna və dövlət idarəçilik sisteminə uyğun gələn strukturlar formalaşdırılmalıdır: “Bu, həmin ərazilərdə vətəndaşların həyat səviyyəsini sabit şəkildə təmin etməyə imkan verəcək. Bu aspektdən yanaşdıqda rəsmi Bakının addımlarını humanizm prinsiplərinə uyğun hesab etmək olar. Məsələnin digər tərəfi ondan ibarətdir ki, əgər ermənilər bu şərtlər çərçivəsində Azərbaycan ərazilərində yaşamaq istəmirlərsə, o zaman Ermənistana köçə bilərlər. İndiki şəraitdə bizim təklif etdiyimiz məqmlar hüquqi əsaslara söykənir və tam legitimdir. Ola bilməz ki, ərazimizdə ölkə Konstitusiyasına zidd addımlar atılsın və biz buna hansısa formada reaksiya verməyək. Bu, sadəcə olaraq mümkün deyil”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
