Ermənistanın baş naziri Nikol Paşinyan Praqada keçirdiyi görüş zamanı erməni hərbi əsirlərin azad edilməsi və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Al-Monitor” mənbələrə istinadən yazır. “Mənbələrə görə, Paşinyan istəyir ki, sərhədlərin delimitasiyası SSRİ-dən əvvəlki xəritə əsasında yox, sovet dövründən qalma xəritə əsasında aparılsın”, – qəzet yazır.
Saytın yazdığına görə, Ərdoğan da öz növbəsində “nəqliyyat dəhlizi məsələsini gündəmə gətirib və bir daha bəyan edib ki, İrəvan Osmanlı İmperiyasında ermənilərin qətliamlarını soyqırım kimi tanımaq üçün beynəlxalq kampaniyanı dayandırmalıdır”.
Xatırladaq ki, oktyabrın 6-da Paşinyan və Ərdoğan Praqada keçirilən görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini və bu istiqamətdə gələcək addımları müzakirə ediblər. Daha sonra Türkiyə prezidenti Ermənistanın baş naziri ilə görüşünün “dostluq şəraitində” keçdiyini bildirib.
Ərdoğan bildirib ki, Türkiyə və Ermənistan “regionda mehriban qonşuluq münasibətləri əsasında tam normallaşmaya nail ola bilərlər”. Onun sözlərinə görə, Türkiyənin tam normallaşma üçün heç bir ilkin şərti yoxdur, Ankara İrəvan və Bakının problemlərini həll edib sülh razılaşmasına nail olmasını gözləyir. Ərdoğan həmçinin bəyan edib ki, Praqadakı görüş zamanı “o, Paşinyana Azərbaycanla dərhal sülh sazişi bağlamağı tapşırıb”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
