“Erməni əsgərini Bakıda sağaltdılar, İrəvanda isə öldürürlər”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazır.
2021-ci il noyabrın 16-da Azərbaycanın dövlət sərhədində keçirilən hərbi əməliyyatlar zamanı Ermənistanın təxribatı nəticəsində saxlanılaraq 10 gün sonra Ermənistan tərəfinə təhvil verilmiş hərbi qulluqçu Arin Aramyan İrəvana qayıdarkən saxlanılıb. Bundan sonra onun vəziyyətinin ağırlaşdığı bildirilir.
Hərbçinin vəkilinin sözlərinə görə, Aramyan döyüşlər zamanı ayağından yaralanıb. O, Bakıdakı xəstəxanalardan birinə aparılıb və orada iki dəfə əməliyyat olunub. Ermənistana qayıtdıqdan sonra Muratsan xəstəxanasına yerləşdirilsə də, dekabrın 6-da həbs edilərək istintaq təcridxanasına köçürülüb.
“Dekabrın 8-i və 27-də müstəntiq həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb. Bu müddət ərzində onu bir neçə dəfə təcridxanadan Baş Hərbi İstintaq İdarəsinə aparıblar, baxmayaraq ki, həkim qəti şəkildə bunu qadağan edib. Sonra onu Armavirdəki islah koloniyasına köçürüblər və dəfələrlə müxtəlif dindirmələrə aparıblar”, – vəkil Ara Karapetyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
