Erməni KİV: “Ermənistan siyasi cariyə rolunu öz üzərinə götürüb” – “Azərbaycan gündən-günə dostlarının sırasını artırır”backend

Erməni KİV: "Ermənistan siyasi cariyə rolunu öz üzərinə götürüb" - "Azərbaycan gündən-günə dostlarının sırasını artırır"

“Erməni xalqında belə bir deyim var ki, ailənin sirrini bilmək istəyirsənsə, bu barədə ya ailənin müdrikindən, ya da uşağından soruş. Bu məsələdə dələduz rolunu general Qaqik Melkonyan oynadı. Dünən o, mətbuat orqanlarından birinə müsahibə verib və şübhəsiz ki, ABŞ-ın bütün planlarını bilmədən açıqlayıb”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni mediasında dərc edilən məqalədən götürülüb.

Həmin məqalədən olan hissələrin ümumi xülasəsini təqdim edirik:

“General bütün qaranlıq məqamlara işıq saldı. Qaqik Melkonyanın fikirlərindən əsasən dörd istiqamət diqqəti cəlb edir:

  1. Əgər ABŞ buradadırsa, deməli, Mərkəzi Asiya ölkələrinə Ermənistan vasitəsilə Avropaya daxil olmaq üçün dəhliz təklif edilib.
  2. Amerika Rusiyanın ayağının regiondan kəsilməsinə əmin olmaq istəyir.
  3. Ermənistan Rusiya qazından tamamilə imtina etməlidir ki, nəhayət, müstəqil yaşaya bilsin.
  4. Düşmən dövlətimizin dünyada hansı addımlar atdığını görürük. Bu yaxınlarda o, Astanada Çinlə hərbi-texniki müqavilə imzalayıb. Rusiya onun müttəfiqidir. Türkiyə onun tam dostudur. Azərbaycan gündən-günə dostlarının sırasını artırır.

Həmin müsahibə zamanı səslənən yeganə müzakirəyə layiq fikirlər bunlar idi. Deyilənlərin mənasını ayrıca təhlil etməyə çalışaq.

ABŞ-a Zəngəzur dəhlizi lazımdır

Qaqik Melkonyan deyir ki, amerikalılar dəhliz təklif ediblər və bu dəhliz Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirəcək. İllərdir danışdığımız məhz budur. ABŞ-a dəhliz lazım idi və bu plan müharibədən əvvəl də mövcud idi. Məhz Amerikanın dəhlizlə bağlı planları Rusiyanı 9 noyabr bəyanatı vasitəsilə dəhliz üzərində nəzarət etməyə məcbur edib. Ruslar yaxşı başa düşdülər ki, Ermənistan hakimiyyəti Sünikdən (Qərbi Zəngəzur) keçməklə Qərb- Türkiyə tandeminə dəhliz vermək niyyətindədir. Qərb Paşinyan və Əliyevin əli ilə erməniləri Qarabağdan qovmaqla, dəhliz ideyasını yox, Rusiyanın onun üzərində nəzarət şərtini aradan qaldıran həmin bəyanatı mahiyyətcə neytrallaşdırdı.

Qaqik Melkonyan deyir ki, amerikalıların əsl niyyətlərindən biri rusların ayağının Ermənistandan, daha geniş mənada isə regiondan kəsmək istəyidir. Çünki yalnız rusların olmaması Zəngəur dəhlizinin açılmasına imkan yarada bilər. Amerikalıların tapşırığı ilə rusların ayağını kəsmək siyasəti çərçivəsində rus qazından imtina etmək fikri də mövcuddur. Bəli, indi təbliğat sahəsində İran qazının Rusiya qazını əvəz edə biləcəyini təqdim etməyə çalışırlar, amma reallıq budur ki, Rusiya qazını ancaq Azərbaycan qazı əvəz edə bilər. İran ABŞ üçün Rusiya qədər qəbuledilməz oyunçudur. Burada İran adı ondan irəli gəlir ki, Ermənistanda İrana müsbət münasibət var və insanlar haradasa rus dilini iranlı ilə əvəz etmək fikrinə rəğbət bəsləyə bilirlər. Onlar artıq Rusiya qazından imtina edəndə elan edəcəklər ki, İran qazı iflasa uğrayıb, indi “müstəqil” olmaq üçün Azərbaycandan qaz almalıyıq.

2020-ci ildə Ermənistan Çinə qarşı Amerika təşəbbüsünə qoşulub. Bu təşəbbüs Çin üçün gözlənilməz idi, çünki bu ölkənin Ermənistanla ənənəvi dostluq münasibətləri olub və həmişə münasibətlərin dərinləşdirilməsi təklifləri olub. Ermənistan isə uzadılmış əli sıxmaqdan həmişə imtina edib.

İndi faktiki olaraq Qaqik Melkonyan kartlarını açır. ABŞ-ın düşmən olduğu dövlətlərin hamısı Ermənistana da düşmən olmalıdır. Bir sözlə, Ermənistan hazırda ABŞ-nin xeyrinə siyasi cariyə rolunu öz üzərinə götürüb və öz niyyətlərini gizlətmək üçün Çinin Azərbaycanla münasibətlərinin olmasından arqument kimi istifadə edirlər.

Çin, Rusiya, ABŞ böyük dövlətlərdir və təbiidir ki, onlarla müxtəlif dövlətlərlə, o cümlədən bir-birinə düşmən olan ölkələrlə münasibətləri var. Bəli, Çin Azərbaycanla sənəd imzalayıb, bəs Ermənistanın da belə bir sənədə malik olmasına kim və ya nə mane oldu? Cavab sadədir: Ermənistanın anti-Çin koalisiyasının tərəfdaşıdır.

General gileylənir ki, Rusiyanın Azərbaycanla yaxşı münasibətləri var, amma deməyi unudur ki, əvvəllər onun Ermənistanla daha güclü əlaqələri olub və bu münasibətlər əslində yalnız Nikol Paşinyan və komandasının səyindən sonra dağılıb.

Bir sözlə, general bilərəkdən və ya təsadüfən bütün planı açıb. Top erməni xalqındadır. Millətimiz Amerikanın “Rusiyanın ayağını bölgədən kəsmək” planının alətinə çevrilməyə hazırdırmı? Yoxsa öz marağını dərk edərək, bu agent və narsist-general dəstəsindən qurtulmalıdır. Ermənistanın müttəfiqi Rusiya ilə ləyaqətli münasibətləri dərinləşməlidir, İranla dostluq əlaqələrini genişləndirməlidir. Digər qonşularla da həmçinin. Niyə də olmasın?!

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*