Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və bu qurumda iştirakın yaratdığı imkanlardan maksimum istifadə etməyi planlaşdırır.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin plenar iclasında iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edən Narek Ovakimyan bildirib.
O, müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Aqnesa Hamoyanın ölkənin Aİİ-dən çıxacağı və ya ittifaqdan kənarlaşdırılacağı təqdirdə Ermənistan iqtisadiyyatının vəziyyətinin necə olacağı ilə bağlı sualını cavablandırıb.
Narek Ovakimyan bildirib ki, Ermənistan Aİİ-də qalacaq və ittifaqa üzvlüyün bütün üstünlüklərindən istifadə etməyə çalışacaq.
Onun sözlərinə görə, Rusiya bazarına bəzi Ermənistan məhsullarının tədarükünə qoyulan məhdudiyyətlər də daxil olmaqla, yaranan problemlərin ittifaq çərçivəsində mövcud mexanizmlər vasitəsilə həlli planlaşdırılır.
Parlamentin spikeri Ruben Rubinyan da məsələyə münasibət bildirib. O qeyd edib ki, Ermənistanın Aİİ-dən xaric edilməsi mümkün deyil, çünki bunun üçün müvafiq mexanizm mövcud deyil.
“Üzvlüyə süni maneələr yaradıla bilər. Lakin bu, tərəfdaşlar tərəfindən qeyri-dost addım olacaq”, – deyə Rubinyan vurğulayıb.
