Ermənistan atəşkəsi pozmaqda davam edir: Yeni müharibə olacaq? – AÇIQLAMAbackend

Ermənistan atəşkəsi pozmaqda davam edir: Yeni müharibə olacaq? - AÇIQLAMA

Son günlər Ermənistan silahlı qüvvələri bölmələrimizi intensiv şəkildə atəşə tutur. Düşmənin atəşkəsi xüsusən də işğaldan azad edilmiş Qarabağ və Naxçıvan Muxtar Respublikası istiqamətində kobud şəkildə pozması hər şeydən əvvəl ağlını başına yığmadığı və ya olan-qalan ağlını da məğlubiyyətin təsirindən itirməsindən xəbər verir. Çünki Vətən müharibəsində hərtərəfli şəkildə darmadağın olmuş işğalçı ölkə bununla həm gərginlik içində olan daxili auditoriyaya, həm də xarici ölkələrə oynamaqla çirkin planlarını yenidən həyata keçirmək istəyir. Lakin görünən odur ki, düşmən ölkə baş verənlərin fonunda nə üçtərəfli bəyanatlara, nə də havadarlarına güvənərək götürdüyü öhdəliklərə naxələf çıxmaqla yenidən “dəmir yumruq”un zəhmini dadmaq istəyir.

Maraqlıdır, ümumiyyətlə Ermənistanın bölmələrimizi intensiv atəşə tutması daha çox nədən xəbər verir? Müharibə ehtimalları, ya Ermənistanın ölkədəki xaosu bu şəkildə balanslaşdırmaq istəyi?

Mövzunu KONKRET.az-a dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə Ermənistan rəhbərliyinin əsas strateji planının 10 noyabr və 11 yanvar razılaşmalarından yayınmaq və özünə uyğun şərtlər irəli sürmək olduğunu bildirib:

“Həmçinin, Ermənistan tərəfi danışıqların bərpası və sülh sazişi üçün absurd tələblər irəli sürür. Bundan əlavə, dövlət sərhədində atəşkəsi mütəmadi pozur. Məhz Fransa və ABŞ-ı porsesə cəlb etməklə, konkret olaraq nizamlanma porsesini sabotaj etmək istəyir. Təbii ki, hazırkı böhranın davam etməsində Rusiya da marqalı görünür ki, öz şərtlərini diktə etsin. Məhz Ermənistan rəhbərliyinin atəşkəsi pozmaqda əsas planı bundan ibarətdir”.

“Onu da unutmaq olmaz ki, ordu içində müəyyən qüvvələr var ki, Nikol Paşinyana müxalifdir. Onlar da bu kimi təxribatlarda maraqlıdırlar. Bütövlükdə isə İrəvan çalışır ki, Azərbaycanı sərhəddə münaqişəyə çəksin və ölkəmizə qarşı müəyyən təzyiqlərin başlanmasına gətirib çıxarsın. Amma baş verənlər Paşinyanın öz əleyhinə işləyəcək və necə ki, işləyir”-deyə, politoloq vurğulayıb.

Analtik Ermənistandakı siyasi vəziyyətin mürəkkəb olaraq qaldığını vurğulayıb:

“Məlum olduğu kimi, Paşinyan vəd etdiyi islahatalar proqaramını reallaşdıra bilmir. Çünki bunun üçün əlverişli mühit yoxdur. Xarici investorlar ölkəyə sərmayə yatırmır, işsizlik artır və miqrasiya müharibədən sonra daha da inkişaf edib. Belə olan təqdirdə isə ölkədə etirazların sayı arta və Paşinyandan narazı olan qüvvələr bundan istifadə edə bilər. Məhz bu konteksdə yanaşdıqda Paşinyanın sərhəddə təxirbatlar etməsi mümkündür”. “Ermənistan bununla daxili problemləri sərhədə yönəldir və bununla da ölkədə total nəzarəti bərpa edir. Ümumiyyətlə, Ermənistanın sülhə hazır olmadığının və xarici ölkələrin maraqlarının təmini istiqamətində siyasət apardığı görünür ki, bu da Ermənistanın növbəti dəfə blokadada qalmasına gətirib çıxaracaq”-Əsədullazadə fikrini yekunlaşdırıb.

Siyasi ekspert Elman Vəliyev isə KONKRET.az-a açıqlamasında son günlər Ermənistan tərəfinin atəşkəsi intensiv şəkildə pozmasını Azərbaycanın beynəlxalq təşkilatların sülh çağrısını təhlükə altına atması ilə əlaqələndirib:

“Atəşkəsin pozulmasında həm daxili auditoriya, həm də xarici qüvvələr əsas rol oynayır. Ermənistan tərəfi silaha əl atmaqla daxili kütləyə mesaj verir ki, Ermənistan hələ məğlub olmayıb, savaşmağa gücü var. Bunu bir manipulyasiya kimi də dəyərləndirə bilərik. Ermənistan iqtidarı yaxşı bilir ki, əgər kompromisə getsə, sülhə razılaşsa, yenidən çaxnaşmalar yaranacaq, müxtəlif qüvvələr bundan istifadə edib, yenə çevrilişə cəhd edəcək. Bu baxımdan, pərdənin önündə bu tipli propaqandalar göstərilir”.

“Ancaq pərdəarxası məqamlar fərqlidir. Ermənistan tərəfi sülhə razılıq verməsə, daha çətin vəziyyətə düşəcək. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin bölgəyə səfəri, Moskvada Prezidentlərin görüşü və tərəflər arasında razılığın əldə edilməsinə çağrışlar mühüm rola malikdir. Azərbaycan tərəfi güc tədbiq etməyə daim hazırdır. Çünki buna Ermənistan tərəfi təhrik edir. Ancaq Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Hesab edirəm ki, Ermənistan tərəfi razılığa yaxınlıq verəcək. Əks təqdirdə, yenidən güc amili ilə üzləşə bilərlər. Buna isə maneə yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da, Rusiya da bildirdi ki, Ermənistana qarşı təhlükə yoxdur. Bu gərginliklər iki tərəf arasındakı sərhəd məsələsidir. Rusiya həmçinin, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və biz bu gün də lehimizə olan müsbət fikirlərin şahidiyik”-deyə, ekspert vurğulayıb.

Vəliyev, Ermənistanın yeni parlament seçkilərindən sonra Qərbə yönəlməsinin inkişaf etməsinə də diqqət çəkib:

“Hətta, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Fransanı Ermənistanın ən yaxın müttəfiqi adlandırdı. Ermənistan tərəfinin bu hərəkətləri isə Moskvanı hiddətləndirir. Həmçinin, Rusiya “Ermənistan bu cür hərəkət etməklə, öz başına bəla açır” deməklə, mövqeyini nümayiş etdirib. “Bununla yanaşı, Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndi və Zəngəzur dəhlizi məsələsi Azərbaycan üçün əsas prioritetlərdən olduğu üçün Naxçıvan istiqamətində atışmalar daha sıx müşahidə olunur. Ermənistan tərəfinə istinadən bildirilir ki, Azərbaycan qüvvələri bir xeyli irəliləyiş əldə edib. Hətta, Arazdəyən bölgəsinin bələdiyə sədrinin yaralanması da Ermənistan tərəfindən təsdiq edilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz ağayanlığını göstərib, Ermənistana sülh təklif etdi, ancaq bu humanistliyə qarşı ədəbsizlik edənlərə də öz yerini göstərir. Hesab edirəm ki, yaxın müddətdə Azərbaycanın lehinə gedəcək proseslər baş verəcək və rəsmi Bakı öz istəklərinə nail olacaq”-deyə, analtik fikrini sona çatdırıb.

Mərahim Nəsib

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*