“Ermənistan hakimiyyəti hamıya qapı açmağa hazır hamballara bənzəyir”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan NEWS.am-a müsahibəsində deyib. O, sosial ədalətin və birliyin pozulacağına əmin olduğunu bildirib.
Xəbər verdiyimiz kimi, Ermənistan hakimiyyəti orduda islahatlar aparmağı və rütbəlilər üçün 24 milyon dram ödəməklə vaxtından əvvəl (4,5 aydan sonra) xidmətdən azad olmaq imkanı yaratmağı planlaşdırır. Göstərilən məbləğ belə məntiq əsasında müəyyən edilir ki, bir çağırışçı hərbi qulluqçu əvəzinə müqavilə əsasında xidmət edən hərbçiyə 5 il müddətinə ayda 400 min dramadək pul verilə bilər.
Ohanyanın fikrincə, müvafiq imkanı olan şəxslər hərbi xidmətdən azad olunacaqlar.
“Varlanan insanlara qarşı deyiləm. Sonda onların ödədiyi vergilər hesabına biz varıq, ölkəmizi inkişaf etdiririk. Ancaq belə insanlar çox azdır, qalanları isə bütün əmlaklarını satmağa və hərbi xidmətdən azad olmağa çalışacaqlar.
Hakimiyyət ödənəcəyini gözlədikləri pullar hesabına podratçıların bazasını genişləndirməyə çalışırsa, bu, baş tutmayacaq. Belə pul ödənilməyəcək. Bu məqsədlər üçün vəsaiti haradan əldə edə biləcəyinizi deyə bilərəm. Söhbət hökumətin səmərəsiz strukturu əsasında səmərəsiz xərclənən dövlət büdcəsindən, maaşlardan, mükafatlardan gedir”, – deyə Ohanyan bildirib.
Onun sözlərinə görə, hər bir əsgərin ödəyə biləcəyi bu 24 milyon dram hesabına o, ciddi bir məbləğ yığmayacaq..
Fraksiya rəhbəri hakimiyyətin hərbi xidmət müddətini 1,5 ilə endirmək planlarını da populizm adlandırıb və bunu qeyri-ciddi hesablamaların nəticəsi adlandırıb.
“Hər hansı bir tələsik addım hesablamalara əsaslanmayan bir hərəkət deməkdir. Və belə hərəkətlər həmişə uğursuzluğa gətirib çıxaracaq, uğursuzluq isə ordunu məhv etmək deməkdir.
İndiki hakimiyyətdə hər şeyin bir məqsədi var. Ölkəmizi fəlakətli vəziyyətə saldılar, uğursuzluqlar davam edir. Hakimiyyət isə bu vəziyyətdə sakitcə istirahətlərindən, ofislərindən, maaşlarından heç bir iş görmədən mükafatlardan həzz alır”, – deyə Ohanyan əlavə edib.
O, Ermənistan hakimiyyətini heç düşünmədən ölkənin qapılarını hamının üzünə açan hamballarla müqayisə edib.
Xuraman Etibarlı,
KONKRET.az
