“Parlament sədrinin müavininin sözləri Ermənistanda dəyişiklik etmək istəyən mövcud hakimiyyətin fəaliyyətsizliyinə və bacarıqsızlığına əyani sübutdur. Nə qədər ki, Ermənistan hakimiyyətinin bu cür dişsiz və məğlubiyyət siyasəti var, “Artsax” və digər məsələlərdə uğur qazanmaq mümkün olmayacaq”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:
“Biz dəfələrlə yazmışdıq ki, 44 günlük müharibə İrəvanı “Artsax” qarşısında götürdüyü öhdəliklərdən tamamilə geri çəkdi. Amma yenidən eyni mövzuya qayıtmağa məcburuq. Çünki Ermənistan Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyanın məntiqsiz, məğlubiyyətə yönəlik və təslimedici bəyanatı bunun üçün əsas yaradır. O deyib ki, Ermənistanın Laçın dəhlizində nəzarət səlahiyyəti və funksiyası yoxdur. Yəni həmin ərazi Rusiya sülhməramlılarının nəzarəti və Azərbaycanın zəmanəti altındadır”. Parlament sədrinin müavininin bu sözləri Ermənistanın indiki hakimiyyətinin fəaliyyətsizliyinin və çarəsizliyinin bariz sübutudur. Hakimiyyət mövcud situasiyada dəyişiklik etmək üçün təsirli mexanizmlərdən istifadə etmir. Əksinə, mövcud vəziyyətə itaətkarlıqla boyun əyir”, – erməni analitik vurğulayıb.
Arşakyan daha sonra fikirlərini belə davam etdirib: “Biz hərbi yola əl atmalıyıq. Amma belə bir şey baş vermir. Ermənistan hakimiyyəti sadəcə təslim olub. Yaxud Rusiya sülhməramlılarına, və beynəlxalq ictimaiyyətə arxalanır. Ona görə də Rubinyan “Artsax”da erməni ordusu yoxdur deyir. Görünür Ermənistan “Artsax”dakı ermənilərdən üz döndərib. Əgər Bakı qısa müddətə dəhlizi açsa, o zaman Qarabağdakı ermənilərin çoxu Ermənistana qaçmağa məcbur olacaq. Ermənistan rəsmiləri “Artsax”a yeni silah-sursat göndərmək əvəzinə, gülünc bəhanələr səsləndirirlər. Bu hökumətin artıq “Artsax”a ehtiyacı yoxdur”, – deyə Arşakyan bildirib.
“Artsax məsələsi yalnız Nikol Paşinyanı devirmək üçün lazımdır. Qarabağdakı ermənilərin taleyi heç kimi maraqlandırmır. Çünki onlar Rusiyanın marionetləridir və bu vəziyyət ikincilər üçün sərfəlidir. Heç olmasa xalq qarşısında dişsizliyinizi və dəyərsizliyinizi etiraf etməyin”, – deyə erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
