“Ermənistan marşrut üzərində suveren nəzarətini saxlayır, Azərbaycan Naxçıvanla maneəsiz əlaqə əldə edir”backend

“Ermənistan marşrut üzərində suveren nəzarətini saxlayır, Azərbaycan Naxçıvanla maneəsiz əlaqə əldə edir”

TRIPP marşrutu üzrə sərhəd təhlükəsizliyi və gömrüklə bağlı bütün funksiyaların Ermənistanın nəzarəti altında qalacağı, Ermənistan hakimiyyətinin əsas qərarları qəbul edəcəyi bildirilir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən politoloq Rəşad Bayramov qeyd edib ki, mayın 26-da ABŞ Dövlət Katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən paraflanan, iyunun əvvəlində isə rəsmən imzalanan çərçivə sazişi artıq ratifikasiya mərhələsinə daxil olub.

O bildirib ki, sazişə əsasən, marşrutun inkişafını həyata keçirəcək “TRIPP İnkişaf Şirkəti”  yaradılır və şirkətdə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası 74 faiz, Ermənistan isə 26 faiz paya malik olacaq: “Bu model layihənin maliyyələşdirilməsi və idarə edilməsində ABŞ-a üstün mövqe versə də, digər funksiyalar Ermənistanın səlahiyyətində saxlanılır. Sazişin ən diqqətçəkən hissələrindən biri sərhəd və gömrük məsələləridir. Sənəddə açıq şəkildə qeyd olunur ki, sərhəd təhlükəsizliyi, hüquq-mühafizə, gömrük, miqrasiya, vergi və dövlət nəzarəti ilə bağlı funksiyalar Ermənistanın yurisdiksiyasında qalır. ABŞ Dövlət Departamenti də bu yanaşmanı təsdiqləyərək bildirib ki, TRIPP marşrutu boyunca bütün sərhəd təhlükəsizliyi və gömrük əməliyyatları Ermənistanın nəzarəti altında həyata keçiriləcək. Bu baxımdan, marşrutun Ermənistanın nəzarətində qalacağı barədə deyilənlərdə qeyri-adi bir şey yoxdur, bu, adı çəkilən sazişdə qeyd olunub”.

Politoloqun sözlərinə görə, bu məsələyə yalnız TRIPP sazişi prizmasından yanaşmaq tam mənzərə yaratmır: “Çünki 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış bəyannamə marşrutun istifadəsinə dair mühüm siyasi prinsipi müəyyən edir. Həmin sənəddə açıq şəkildə qeyd olunur ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkəti birbaşa Ermənistan Respublikasının ərazisindən keçməklə təmin ediləcək. Bu müddəa göstərir ki, marşrut Ermənistanın suveren ərazisi olaraq qalsa da, tranzit rejimi Azərbaycan üçün maneəsiz təşkil olunmalıdır. Əslində bu iki sənəd bir-birini təkzib etmir. TRIPP çərçivə sazişi marşrutun hüquqi-idarəetmə modelini müəyyənləşdirir, Vaşinqton Bəyannaməsi isə onun funksional istifadəsinin əsas prinsiplərini ortaya qoyur. Başqa sözlə TRIPP sazişi Ermənistanın suverenliyini, sərhəd və gömrük səlahiyyətlərini təsbit edir. 8 avqust Vaşinqton Bəyannaməsi isə həmin marşrut üzrə keçid rejimini müəyyənləşdirir və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təmin olunacağını siyasi öhdəlik kimi təsbit edir. Yəni, Ermənistan hüquqi baxımdan sərhəd və gömrük nəzarətini saxlayır, lakin bu nəzarət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz tranzitə mane olmamalıdır.  Bu o deməkdir ki, Azərbaycan üçün prosses “maneəsiz hərəkət” anlayışına uyğun olaraq həyata keçirilməlidir. Bunu təmin etmək elə də çətin bir şey deyil. Müvafiq elektron sistem qurula və elektron bəyannamə sistemi tətbiq etməklə, hər hansı gömrük əməkdaşı və ya erməni sərhədçisi ilə təmas olmadan fasiləsiz nəqliyyat axınını təmin etmək olar. Məhz buna görə Vaşinqton Bəyannaməsində nəzərdə tutulan “maneəsiz hərəkət” prinsipinin konkret hüquqi və texniki mexanizmlərlə təmin olunması Azərbaycanın əsas maraqlarından biri olaraq qalır”.

R.Bayramov onu da əlavə edib ki, Azərbaycan baxımından layihənin müsbət tərəfi Naxçıvanla quru əlaqəsinin bərpası, Türkiyə ilə nəqliyyat inteqrasiyasının genişlənməsi, Orta Dəhlizin imkanlarının artması və regional ticarətin inkişafıdır:  “ABŞ-ın layihədə birbaşa iştirak etməsi marşrutun təhlükəsizliyi və davamlı fəaliyyəti üçün əlavə beynəlxalq zəmanət elementi kimi qiymətləndirilə bilər. Beləliklə, hazırkı sənədlər göstərir ki, formalaşan model iki əsas prinsip üzərində qurulur: Ermənistan marşrut üzərində suveren nəzarətini saxlayır, Azərbaycan isə həmin marşrut vasitəsilə Naxçıvanla maneəsiz əlaqə əldə edir. Bu balansın qorunması bizim üçün olduqca vacibdir və bu olmadan layihənin gerçəkləşməsi də faktiki olaraq mümkün deyil. Çünki TRIPP özü-özlüyündə ayrıca bir dəhliz deyil, Zəngəzur dəhlizinin kiçik bir hissəsini əhatə edən marşrut xəttidir. Başqa sözlə, dəhlizin əsas hissəsi məhz Azərbaycan və Türkiyənin payına düşür və ona görə də TRIPP marşrutundakı proses bizim istəklərimizə və tələblərimizə uyğun olaraq reallaşmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*