Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyası ilə müxalifət arasında qarşıdurma səngimir.
KONKRET.az xəbər verir ki, müxalif “Ermənistan” blokunun deputatı Mesrop Manukyan parlamentin keçmiş spikeri, hazırda Təhlükəsizlik Şurasının katibi Alen Simonyanı yeni spiker Ruben Rubinyanın siyasi etikaya və korrekt davranışa dair çağırışlarını açıq şəkildə saymamaqda ittiham edib.
Manukyan bildirib ki, Daşnaksütyun Qarabağın itirilməsi ilə heç vaxt barışmayacaq və bunu Nikol Paşinyan hakimiyyətinin üzərinə qoymağa davam edəcək. Onun fikrincə, hakimiyyət korrupsiya, idarəçilik və xarici siyasətlə bağlı konkret tənqidlərə cavab vermək əvəzinə müxalifət nümayəndələrinin keçmişi ilə bağlı mövzuları gündəmə gətirməyə çalışır.
Manukyan hakim partiyanın deputatı Taqui Kazaryanın onun ünvanına səsləndirdiyi ittih3amlara da toxunaraq, keçmiş general Manvel Qriqoryanla bağlı deyilənlərin araşdırılmasını və faktların ortaya qoyulmasını tələb edəcəyini bildirib.
Müxalif deputat parlamentdə son vaxtlar müzakirə edilən siyasi etika məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, yeni spiker Ruben Rubinyanın deputatları daha korrekt davranmağa çağırmasının səmimiliyinə inanmaq olar.
“Məncə, Rubinyan səmimidir. Spiker kimi bunda maraqlıdır”, – deyə Manukyan bildirib.
Lakin onun fikrincə, bu siyasətin həqiqi sınağı baş nazir Nikol Paşinyan parlamentə gələndə olacaq. Manukyan iddia edib ki, Paşinyan müxalifətin tənqidlərinə cavab verərkən özünü idarə edə bilməsə, hakim fraksiyanın korrektlik çağırışlarının real dəyəri də üzə çıxacaq.
Ən sərt ifadələri isə deputat Alen Simonyanın son açıqlamalarını şərh edərkən işlədib. Manukyan hesab edir ki, keçmiş spikerin müxalifətə qarşı kəskin hücumları Rubinyanın parlamentdə siyasi ritorikanı yumşaltmaq səylərinə faktiki zərbə vurur.
“Bu göstərir ki, o, Rubinyanın çağırışlarına tüpürmək istəyirdi. Düzdür, Simonyan bunu hərfi mənada da edə bilər, amma indi məcazi mənadan danışırıq – həmkarının ‘səmimi’ səylərinə tüpürmək istəyirdi”, – deyə Manukyan bildirib. Onun fikrincə, Simonyanın davranışı əslində müxalifətdən daha çox yeni spiker Ruben Rubinyanın mövqeyini zəiflədir.
Manukyan hakimiyyətin son sərt bəyanatlarını müxalifəti qorxutmaq cəhdi kimi qiymətləndirərək, müxalif deputatların hakimiyyətin mümkün təzyiqlərinə hazır olduqlarını da qeyd edib.
