Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslər regiona marağı əhəmiyyətli şəkildə artırıb. Qərbin Ermənistan üzərindən bölgəyə can atması və Rusiyanın Cənubi Qafqazdan sıxışdırlması cəhdləri isə davam edir. Ermənistanı silahlandıran Qərb hərbi balansı dəyişmək istəsə də, hələlik istəyinə nail ola bilməyib.
Rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının analitik şöbəsinin rəhbəri Vladimir Kireyevin müsahibəsi də bu mövzudadır.
KONKRET.az oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin müsahibəni təqdim edir.
– Vladimir Konstantinoviç, Moskvanın Cənubi Qafqaz siyasətində nə dəyişib?
– Keçən il Moskvanın Cənubi Qafqazdakı siyasəti kifayət qədər balanslaşdırılmış, ardıcıl və region ölkələri ilə əldə edilmiş razılaşmalara uyğun idi. Əvvəla, ötən il Rusiya ilə Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsi baxımından yaddaqalan oldu. Hər iki ölkə bir sıra layihələrdə iştirak edib ki, onların arasında ən aktual olanı Rusiya, Azərbaycan, İran və daha sonra Hindistana tranziti nəzərdə tutan Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu, böyük iqtisadi səmərə ilə yanaşı, layihədə iştirak edən ölkələr üçün siyasi fayda da gətirə bilər. Rusiya ilə Türkiyə və İran kimi mühüm aktorlar arasında artan əməkdaşlıq amilini də qeyd edərdim. Rusiyanın Ermənistanla münasibətlərinə gəlincə, burada tamamilə əks mənzərə müşahidə olunur. Rusiya-Ermənistan münasibətləri İrəvanın qərbyönlü siyasəti və Moskvaya qarşı əsassız demarşları səbəbindən nəzərəçarpacaq dərəcədə soyuyub. Bunun nəticəsi olaraq, Rusiya ilə Ermənistan arasında siyasi əməkdaşlıq faktiki olaraq sıfıra endirilib və Aİİ çərçivəsində ikitərəfli iqtisadi əlaqələrin qalmasına baxmayaraq, münasibətlər qırılma nöqtəsinə yaxındır. Paşinyan Qərb dövlətləri ilə əməkdaşlığa üstünlük verir. Nəzərə alsaq ki, Nikol Paşinyan konkret proqramla hakimiyyətə gəlib, o zaman Ermənistanın həmin siyasəti bu il də davam etdirəcəyini düşünürəm.
– Bu fakt Moskvanın moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ehtimalını azaldırmı?
– Fakt budur ki, Bakı ilə sülh sazişinin bağlanması İrəvanda birmənalı olaraq Ermənistanın təslim olması kimi qəbul edilir. Bəli, Ermənistan hakimiyyəti sözdə Azərbaycanla sülhə ehtiyac duyduğunu və hətta buna hazır olduğunu bəyan edir. Amma reallıq İrəvanın maraqlarına cavab verməkdən uzaqdır. Təbii ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması məqamını yaxınlaşdırmaq üçün səylər göstərəcək. Amma düşünmürəm ki, İrəvanın mövqeyi səbəbindən bu səylər məqsədə nail olmağa gətirib çıxarsın. Digər tərəfdən, İrəvanın açıq-aşkar qərbyönlü siyasəti nəticəsində Rusiyanın Ermənistana təsirinin xeyli azalması faktını da nəzərdən qaçırmaq olmaz.
– Rusiya Ermənistanı tərk etməyə hazırdırmı?
– Rusiya bir sıra səbəblərə görə Ermənistanın öz maraqları orbitində qalmasında son dərəcə maraqlıdır. NATO-nun Qafqaza girməsinin qarşısını almaq, bu regionda liderliyi saxlamaq, Türkiyə və İranla münasibətləri gücləndirmək, Gürcüstanla münasibətləri inkişaf etdirmək Rusiyanın planlarına daxildir. Nəhayət, Rusiya Ermənistanda öz ordusunu da saxlamaq istəyir. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan faktiki olaraq Rusiyanın təhlükəsizlik çətirindən imtina edib.
– Təhlükəsizlik çətiri dedikdə KTMT-ni nəzərdə tutursunuz?
– Ermənistan hərbi blokdan çıxdığını rəsmən bəyan etməsə də, KTMT-yə üzvlüyünü praktiki olaraq dayandırıb. İrəvan təşkilata sədrlik etməkdən imtina edib, KTMT-nin hüquqi və siyasi gündəliyinə məhəl qoymur. Ermənistan qorxur ki, Azərbaycanla bağlı vəziyyət daha da mürəkkəbləşə bilər və o zaman kömək üçün KTMT-yə müraciət etməli olacaq. Bu baxımdan təşkilatdan çıxmağa tələsmir. Ancaq bu, yenə də zaman məsələsidir.
– Bu, təxminən nə vaxt baş verə bilər?
– Düşünürəm ki, gələn ilə qədər Ermənistan KTMT-dən çıxdığını elan edəcək və rəsmi olaraq NATO strukturlarına can atmağa başlayacaq.
– İrəvanda revanşist qüvvələrin fəallaşması Ermənistan-Azərbaycan müharibəsinə gətirib çıxara bilərmi?
– Ermənistan yaxın gələcəkdə Azərbaycanla müharibəyə başlamağa risk etməyəcək. Bunun üçün onun nə lazımi ehtiyatı, nə hərbi-iqtisadi gücü, nə də siyasi iradəsi var. Amma bəzi təxribatların, o cümlədən xarici qüvvələrin dəstəyi ilə xırda toqquşmalar istisna edilmir.
– Fransanı nəzərdə tutursunuz?
– Fransa da ABŞ kimi bu strateji əhəmiyyətli regiona Ermənistan vasitəsilə daxil olmağa çalışır. Ona görə də bunu təxribat yolu ilə edəcək və erməni revanşizmini qızışdıracaq. Moskvanı regiondan sıxışdırmaq, Azərbaycan, İran, Rusiya və Türkiyənin iştirak etdiyi nəqliyyat dəhlizlərinə nəzarət etmək üçün Parisə də belə taktika lazımdır. Ona görə də Fransa çox güman ki, ortamüddətli perspektivdə bu regiona daxil olmaq üçün səylərini artıracaq.
Vəli Həsənov,
KONKRET.az

Rusiya ermənistanı belə tərk edə bilər:
1. Qarabağdakı kontinqenti Qərbi Zəngəzura yerlışdirir, bəhanə kommunikasiyaların blokadası.
2. ermənisyanın şimal və qərb rayonlarının keçmiş SSRİ ərazisi elan efərək, bunu Azərbaycandan, zorla ayırıb, onlara verildiyini, bu ərazilərin onlara aid olmadığını göstərərək. Əsasnamə, 1920-ci ildə ermənistan Sovet respublikasının yaradıldığı ərazi (xəritə).
Bundan sonra ermənistan Qalaktika ordusuna da birləşə bilər!