Ermənistan Rusiyadakı səfirini geri çağırırbackend

Ermənistan Rusiyadakı səfirini geri çağırır

Ermənistan hakimiyyəti Rusiyadakı fövqəladə və səlahiyyətli səfir Gurgen Arsenyanı geri çağırmaq və onun yerinə peşəkar diplomat təyin etmək qərarına gəlib. 

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Arsenyana geri çağırılması barədə qərar beş gün əvvəl bildirilib. Qəzet yazır ki, qərarın təşəbbüsü rəsmi İrəvandan gəlib və məqsəd gərgin Ermənistan-Rusiya münasibətlərinin tənzimlənməsi üçün Moskvaya karyera diplomatı göndərməkdir.

İddiaya görə, Arsenyan siyasi təyinatla səfir vəzifəsinə gətirilib. Moskvada çalışdığı müddətdə isə Rusiya siyasi elitası ilə sıx əlaqələr qurub. Nəşrin mənbələri onun son dövrlərdə Ermənistan hakimiyyətinin yürütdüyü siyasi kursla uyğunlaşmadığını bildiriblər.

Mənbələrin iddiasına əsasən, Arsenyan İrəvanın Rusiyaya qarşı atdığı bəzi addımlara və açıqlamalara etiraz edib, hakimiyyəti Moskva ilə münasibətlərdə qarşıdurmadan çəkinməyə və daha konstruktiv dialoqa qayıtmağa çağırıb. Onun mövcud kursun davam etdirilməsinin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıqlar etdiyi də bildirilir.

Qeyd edək ki, Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı səfiri təyin edilib. Onun mümkün geri çağırılması barədə məlumatlar daha əvvəl də Ermənistan mediasında yayılmışdı. Ermənistan baş nazirinin mətbuat katibi isə rəsmi məlumat açıqlanacağı təqdirdə bunun ictimaiyyətə bildirilməsini qeyd edib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*