Ermənistan və Türkiyə xüsusi nümayəndələri ilk dəfə görüşür: Rubinyan və Kılıç Moskvaya nə ilə gedib?backend

Ermənistan və Türkiyə xüsusi nümayəndələri ilk dəfə görüşür: Rubinyan və Kılıç Moskvaya nə ilə gedib?

Bu gün Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ikitərəfli münasibətlərin normallaşdırılması üzrə ilk görüşü başlayır. Ruben Rubinyan və Sərdar Kılıç barışıq yollarını və perspektivlərini müzakirə edəcəklər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçiriləcək.

Görüşdən əvvəl fəal diplomatik hazırlıq aparılıb. Dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İrəvan və Ankara qarşılıqlı əsaslarla danışıqlar üçün nümayəndələr təyin edəcəklər. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan İrəvanın bu qərarı alqışladığını və dialoq aparmaq üçün öz xüsusi nümayəndəsini təyin edəcəyini açıqlayıb.

Daha sonra dekabrın 15-də Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri 63 yaşlı Sərdar Kılıcı xüsusi təyinatlı namizəd kimi irəli sürüb. Üç gün sonra İrəvan da öz xüsusi nümayəndəsini elan edib. Bu, parlamentin vitse-spikeri, son bir neçə ay xarici işlər nazirinin müavini vəzifəsində çalışmış hakim “Mülki müqavilə” partiyasının üzvü Ruben Rubinyan olub.

Xüsusi nümayəndələrin danışıqları ilə paralel olaraq Ermənistan, Türkiyə, Rusiya, İran və Azərbaycanın iştirakı ilə “3+2” formatında görüşlər formatına da start verilib. Bu ölkələrin xarici işlər nazirlərinin müavinlərinin ilk görüşü dekabrın 10-da Rusiya paytaxtında baş tutub. Yanvarın 10-da Sərdar Kılıç Türkiyənin müdafiə naziri Hulusi Akar tərəfindən qəbul edilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*